Almaniyanın Hamburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatı başa çatıb.

AZƏRTAC xəbər verir ki, doqquz gün davam edən yarışın yekununa əsasən medal əldə edən ölkələrin də siyahısı məlum olub.

Mundialda 10 çəkidən dördündə təmsil olunan yığmamız 2 medala yiyələnib. Hesabına 1 qızıl və 1 bürünc mükafat yazan komandamız medal sıralamasına görə dünya çempionatını dördüncü pillədə başa vurub. Millimiz göstərdiyi nəticəyə görə isə Avropada hamını qabaqlayıb.

Ümumilikdə, 20 ölkə Hamburqda medala sahib olub. Onlardan cəmi altısı çempionluq sevinci yaşayıb.

Siyahıda birinci yeri Kuba yığması tutub. Amerika qitəsinin təmsilçisi 5 qızıl və 2 gümüş medal qazanıb. İlk üçlükdə iki Asiya təmsilçisi də yer alıb. İkinci pillədə Özbəkistan (1 qızıl, 3 gümüş, 2 bürünc) qərarlaşdığı halda, üçüncü yeri Qazaxıstan (1 qızıl, 2 gümüş və 3 bürünc) tutub. Avropa yığmaları arasında ən yaxşı nəticəyə malik millimiz isə ümumi sıralamada dördüncü olub.

Qeyd edək ki, yığmamızın heyətində Məhəmmədrəsul Məcidov (+91 kq) qızıl, Kamran Şahsuvarlı (75 kq) bürünc medal qazanıb.