“Astaraçay” MMC-nin direktoru: Əsas məqsədlərimizdən biri “Made in Azerbaijan” brendi ilə ixracı artırmaqdır

Regionların davamlı inkişafı, infrastruktur layihələrinin icrası, yeni müəssisələrin yaradılması, iş yerlərinin açılması ölkəmizin gücünü, qüdrətini daha da artırır. Respublikamızda biz sahibkarlara əlverişli şərait yaradılıb və üzərimizə düşən məsuliyyəti dərindən dərk edirik. Çalışacağıq ki, çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair Lənkəranda keçirilən respublika müşavirəsində Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin uğurla reallaşdırılmasına öz töhfəmizi verək.  

 Bu sözləri AZƏRTAC-a müsahibəsində “Astaraçay” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Tələt Məmmədov deyib.

Respublika müşavirəsinin iştirakçısı olan Tələt Məmmədov bildirib ki, ötən əsrin 80-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçmiş Sovet İttifaqının nüfuzlu ali məktəblərində təhsil almaq üçün göndərilmiş minlərlə azərbaycanlı gənc arasında o da olub. Təhsilini başa vurduqdan sonra əmək fəaliyyətinə Rusiyanın Perm şəhərində başlayıb. 2000-ci illərin əvvəllərində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilməyə başlayan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində görülən işlər bir azərbaycanlı kimi onu da sevindirib, doğma Vətənə qayıtmağa, qurub-yaratmağa həvəsləndirib.

2010-cu ildə “Astaraçay” Məhdud Məsuliyyətli Cəmiyyətini yaradan sahibkar müsahibəsində qeyd edib ki, fəaliyyətə cənub bölgəsi üçün ənənəvi olan çayçılıqdan başlayıb. Ötən müddətdə 460 hektar sahədə çay plantasiyası salıb, 2015-ci ildə gündəlik 12 ton yaşıl çay yarpağı emal edən müasir çay fabriki tikib.

“MMC artıq İSO 9001, 14001, 18001 beynəlxalq keyfiyyət, ətraf mühitin mühafizəsi və əməyin təhlükəsizliyi standartları çərçivəsində fəaliyyət göstərir. LOCON Avropa ekoloji təmiz qida sertifikatı ilə istehsal etdiyimiz qara çay orqanik “Aztea” brendi ilə həm yerli, həmçinin xarici bazarlarda satılır”, – deyə o bildirib.

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin bu ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çayçılığın inkişafı, məhsuldarlığın yüksəldilməsi məqsədilə çay istehlakçıları qarşısında dünya təcrübəsinin öyrənilməsi, mütərəqqi texnologiyalardan istifadə edilməsi kimi vəzifələr qoyduğunu xatırladan Tələt Məmmədov deyib: “Müəssisəmizdə artıq bu istiqamətdə bir sıra işlər görülüb. Tingçilik təsərrüfatının yaradılması üçün xaricdən mütəxəssislər dəvət olunub. İşçilərimizin iştirakı ilə treninqlər təşkil edilib, təcrübə-sınaq işləri üçün müvafiq sahə ayrılıb. Müəssisəmiz çayçılıqdan əlavə, çəltikçilik və sitrus meyvəçiliyi ilə də məşğul olur. Onu da qeyd edim ki, cari ildə Astara və Lənkəran rayonlarında 340, Biləsuvar rayonunda isə 300 hektar sahədə çəltik əkini aparılıb. Gələn il əkin sahəsini 1000 hektara çatdırmağı planlaşdırırıq. Toxumçuluq təsərrüfatı yaratmış və yerli fermerləri 60 tondan artıq çəltik toxumu ilə təmin etmişik. Eyni zamanda, 105 hektar sahədə sitrus meyvələri əkilib, feyxoa, limon, portağal, naringi istehsalına başlanılıb. Astarada 340, Lənkəranda 418, Biləsuvarda isə 70 daimi iş yeri yaratmışıq. Bütün bunlara məhz dövlətimizin biz fermerlərə, sahibkarlara yaratdığı əlverişli şərait nəticəsində nail olmuşuq”.

Azərbaycanda zəngin tarixi ənənələri olan çayçılıq və çəltikçiliyin, habelə sitrus meyvəçiliyinin hərtərəfli dəstəklənməsi məqsədilə dövlət tərəfindən müxtəlif yardım və təşviq mexanizmlərinin, o cümlədən güzəştli kreditlərin, son məhsula görə subsidiyaların təmin edilməsinin, eləcə də aqrolizinq xidmətlərinin göstərilməsinin bu sahələrin inkişafını daha da sürətləndirdiyini deyən MMC-nin direktoru bildirib ki, çayçılıq və çəltikçilikdə istifadə olunan 1 milyon 366 min manat dəyərində 26 adda xüsusi texnika Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə müəssisəyə lizinqə verilib və həmin vəsaitin 40 faizi və ya 546 min 478 manatı dövlət tərəfindən güzəşt olunub. Bu il əlavə olaraq MMC üçün ümumi dəyəri 570 min manat olan bir ədəd “Laverda” markalı çəltikbiçən kombayn ayrılıb.

“Astaraçay” MMC-nin əsas məqsədlərindən biri də “Made in Azerbaijan” brendi ilə ixracı artırmaqdan ibarətdir və cəmiyyətin işçiləri bu istiqamətdə bütün səylərini səfərbər ediblər. Əminəm ki, dövlətimizin başçısının çayçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin yaxın gələcəkdə uğurla icrasına öz töhfəmizi verəcəyik”, – deyə MMC-nin direktoru qeyd edib.