Azərbaycanın Əməkdar Artisti Vyana Dövlət Opera Teatrında çıxış edəcək

Sentyabrın 4, 7, 10 və 13 tarixlərində Vyana Dövlət Opera Teatrında Cüzeppe Verdinin “Trubadur” operası nümayiş etdiriləcək.

AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, həmin günlərdə səhnə əsərində Manriko obrazını Azərbaycanın Əməkdar Artisti Yusif Eyvazov (tenor), sentyabrın 7-də və 10-da isə Leonora obrazını Rusiyanın Xalq Artisti Anna Netrebko (soprano) ifa edəcək.

Dünya operasının ulduzu Anna Netrebko yaddaqalan obrazlar yaratmaqla yanaşı, konsert proqramları ilə də çıxış edir. Onun solo diskləri bestsellerə çevrilib. Musiqiçi haqqında çəkilmiş sənədli filmlər Avstriya, Danimarka, Almaniya, Rusiya və İsveçrədə nümayiş etdirilib.

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov isə 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.