İmmuniteti artırmaq üçün vasitə – jenşen

Bəşəriyyətə beş min il əvvəldən məlum olan jenşen elmi təbabətdə güclü adaptogen bitki kimi tanınır. Ona görə də onun tətbiq sahələri çox genişdir. Çin dilindən tərcümədə jen-adam, şen – kök deməkdir.

Astarainfo.az AZƏRTAC-a istinadən bildirir ki, jenşen bitkisi vətəni olan Çindən XVII əsrin axırlarında Avropaya gətirilib və Fransa kralı XIV Lüdoviqə hədiyyə verilib. Bundan bir neçə il sonra Şimali Amerika ərazisində yeni bir jenşen forması tapılıb və indi həmin bitkini Amerika jenşeni adlandırırlar. Jenşenin spirtdə çıxarışının gündə iki dəfə yeməkdən yarım saat əvvəl 20 damcı qəbul edilməsi stress zamanı faydalıdır. Prosedur hər gün təkrar edilməklə 1 ay aparılır.

Jenşenin qurudulmuş kökləri toz halına salınır və gündə iki-üç dəfə 0,15-0,25 qram qəbul edilir. 40-50 qram jenşen kökü qaynadılmış və soyudulmuş suda 3-4 saat saxlanılır. Qarışıq qaranlıq yerdə 0,5 litr spirtdə 17-20 gün saxlanılır. Alınan məhlul gündə bir dəfə yeməkdən yarım saat əvvəl 10 ml qəbul edilir. Müalicə kursunu 90 gün davam etdirəndən sonra 10 gün fasilə verilir və yenidən təkrar edilir.

10 qram xırdalanmış jenşen kökü litrlik butulkaya tökülərək üzərinə 100 ml 40 faizli spirt əlavə edilir, kip bağlanır və qaranlıq yerdə 20 gün saxlanılır. Alınan cövhərdən 25-30 damcı 100 ml qaynadılmış suya əlavə edilərək gündə üç dəfə yeməkdən əvvəl qəbul edilir.

Hər üç resept orqanizmdə immuniteti artırmaq məqsədi ilə qəbul edilir.