Təmkin Xəlilzadə: “Oyuna yaxşı hazırlaşmışdıq”

“Oyuna yaxşı hazırlaşmışdıq. Doğma azarkeşlərin önündə oynayırdıq və ancaq 3 xalı fikirləşirdik. Şükürlər olsun ki, xalqımızı utandırmadıq və qələbə qazandıq”.

“Report”un məlumatına görə, bunu Azərbaycan milli komandasının heyətində debüt edən “Zirə”nin futbolçusu Təmkin Xəlilzadə San Marino ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra jurnalistlərə açıqlamasında deyib.

Cinah müdafiəçisi millidəki ilk oyunda həyəcan hiss etmədiyini bildirib: “Təbii ki, həyəcan yox idi, normal bir oyun kimi baxırdım. Bunu siz daha yaxşı bilərsiniz ki, mən oyun ərzində necə təsir bağışlayırdım”.

Yığmanın 4-cü qolu məhz Xəlilzadənin ötürməsindən sonra avtoqolla vurulub. Debütant qələbədə pay sahibi olmasına sevindiyini bildirib: “Yaxşı komandamız, yaxşı baş məşqçimiz var və fürsətlərdən maksimum yararlanmalı idik. Bunu da bacararaq, 5 qol vurduq. Kiçik də olsa, qələbədə pay sahibi oldum. Çox sevinirəm. Ancaq əsas olan komandanın qələbəsi idi. Əlbəttə, qol buraxmasaydıq, daha yaxşı olardı. Qismət”.