Özbəkistanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – Dövlət müstəqilliyinin 26-cı ildönümü münasibətilə sentyabrın 5-də rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Səfir Şerzod Fayziyev qəbulda çıxış edərək ölkəsinin ötən 26 il ərzində keçdiyi inkişaf yolundan danışıb, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu söyləyib.

Diplomat dost ölkələr olan Azərbaycan ilə Özbəkistan arasında getdikcə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək deyib ki, qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər və danışıqlar ikitərəfli münasibətlərin inkişafına töhfə verir. O, əlaqələrimizin daha da inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.

Səfir ölkələrimiz arasında siyasi, iqtisadi münasibətlərin, habelə mədəniyyət, elm, təhsil sahələrində əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini qeyd edib.

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Əyyubov rəsmi qəbulda çıxış edərək dövlətimizin başçısı İlham Əliyevin adından özbək xalqını təbrik edib. Baş nazirin birinci müavini qeyd edib ki, Azərbaycan və Özbəkistan xalqları arasında daim ənənəvi dostluq və qardaşlıq əlaqələri olub. Ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı siyasi etimad əməkdaşlıq əlaqələrimizin dərinləşməsini təmin edib. Həyata keçirilən yüksək səviyyəli səfər mübadilələri münasibətlərimizdə yeni səhifələr açıb, müxtəlif sahələrdə əməkdaşlığın tərəqqisinə öz töhfəsini verib.

Siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu vurğulayan Yaqub Eyyubov

hər iki ölkənin beynəlxalq təşkilatlarda bir-birini fəal şəkildə dəstəklədiyini qeyd edib. O, Özbəkistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın beynəlxalq hüququn dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan haqlı mövqeyini dəstəkləməsinin ölkəmizdə yüksək qiymətləndirildiyini söyləyib.

Baş nazirin birinci müavini deyib ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı üçün böyük potensialın mövcudluğunu nəzərə alaraq ticarət dövriyyəmizin daha da artırılması prioritet istiqamətlərdən birini təşkil etməlidir. “Azərbaycan-Özbəkistan əlaqələrinin genişlənməsi və dərinləşməsi Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülhün və sabitliyinin möhkəmlənməsinə xidmət edir. Bu baxımdan iqtisadi-ticari, humanitar və təhlükəsizlik sahələrində qarşılıqlı faydalı əməkdaşlığımızın ardıcıl şəkildə inkişaf etdirilməsində maraqlıyıq”, – deyə Yaqub Eyyubov bildirib.

Baş nazirin birinci müavini ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.