“Çoxdan ölkə xaricinə getməli idim” – Araz Abdullayev

Millimizin futbolçusu Araz Abdullayev DÇ-2018-in seçmə mərhələsində San Marino ilə oyundan (5:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

– Böyükhesablı qələbədən sonra özünüzü necə hiss edirsiniz? Norveçə məğlubiyyəti unuda bilmisiniz?

-Düzdür, Norveçlə oyunda yaxşı oynamadıq. Amma bu gün bütün bacarığımızı ortaya qoyduq. Bizi dəstəklədiklərinə görə azarkeşlərimizə təşəkkür edirəm. Onları sevindirmək üçün əlimizdən gələni etdik. İnanıram ki, onlar da bizim oyunumuzdan razı qalıblar.

– Sanki “Bakcel Arena” yığma üçün düşərli məkana çevrilib, burda daha yaxşı oynayırıq. Belə fikirləşmirsən?

– Məncə, burada atmosfer daha yaxşıdır, azarkeşlər meydana daha yaxındırlar.

– Kiprdə özünü necə hiss edirsən?

– Hər şey yaxşıdır. Hiss edirəm ki, mənim üçün hər şey yaxşı olacaq.

– Çoxdan xaricə üz tutmaq lazım olduğunu düşünmürsən?

– Əlbəttə, getmək lazım idi. Amma indi də gec deyil. Çalışıram ki, Azərbaycanı layiqincə təmsil edim.

– Baş məşqçinin üzü gülürdü?

– Əlbəttə, belə qələbədən sonra hər kəsin üzü gülür. Uduzanda hamının qanı qara olur, amma qələbə hər kəsi sevindirir, üzünü güldürür.

– Bu gün (dünən – red) xüsusi motivasiyanız var idi. Bu nədən qaynaqlanırdı?

– Millinin oyunu vaxtı stadion dolu olur. Buna görə də onları sevindirməyə çalışırıq. Təbii ki, hər şeydən əvvəl millinin uğur qazanmaqı üçün çalışır, mübarizə aparırıq. Bu gün xüsusi seçildiyimi deməzdim. Hamımız mübarizə apardıq.