Azərbaycan Abu-Dabidə Beynəlxalq Paralimpiya Komitəsinin konfransında təmsil olunur

Beynəlxalq Paralimpiya Komitəsinin iki ildən bir keçirilən konfransı və dörd ildən bir keçirilən Baş Assambleyası Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Abu-Dabidə öz işinə başlayıb.

Azərbaycan Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildirilib ki, konfransda Beynəlxalq Paralimpiya Komitəsinin 4 illik hesabatı dinlənilir və qarşıda duran məsələlər müzakirə olunur. Sentyabrın 8-də isə Beynəlxalq Paralimpiya Komitəsinin Baş Assambleyasında rəhbər orqanlara seçkilər keçiriləcək.

Hər iki tədbirdə ölkəmizi Azərbaycan Milli Paralimpiya Komitəsininin birinci vitse- prezident Natiq Qasımov təmsil edir. O, tədbir çərçivəsində Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Ser Filip Krevenlə, vitse-prezident Endrü Parsonsla, Birləşmiş Ərəb Əmirliklərinin Milli Paralimpiya Komitəsinin prezidenti Mohamed Alhemeli, Yaponiya Paralimpiya Komitəsinin prezidenti Yasuşi Yamavaki və İngiltərə Paralimpiya Assosiasiyanın icraçı direktoru Tim Hollinqsvors ilə görüşlər keçirib. Görüşlərdə tərəflər arasında qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi barədə müəyyən danışıqlar aparılıb.

Müzakirələrin nəticəsi olaraq Birləşmiş Ərəb Əmirlikləri Paralimpiya Komitəsi ilə Azərbaycan Milli Paralimpiya Komitəsi arasında əməkdaşlıq memorandumunun imzalanması qərara alınıb. Bu məqsədlə Mohamed Alhamelinin 2018-ci ilin aprel ayında Azərbaycana işgüzar səfəri razılaşdırılıb.