Baş terapevt: “İnfarkt, insult keçirən insanların istirahət üçün uzağa getmələri məsləhət deyil”

“Sağlam orqanizmlərin heç də hamısı hava dəyişkənliyinə eyni reaksiyanı vermir”.

Astarainfo.az “Report”-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş terapevti Yaqub Qurbanov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Abşeron yarımadasında atmosfer təzyiqi gündə 7-8 dəfə dəyişir: “Orqanizm də buna uyğun öz fəaliyyətini dəyişməyə başlayır. Belə halda ürək də fəaliyyətini 7-8 dəfə dəyişir. Bəzən kimsə şikayət edir ki, dayandığım yerdə başım gicəllənir. Yaxud bəzən görürsən ki, atmosfer təzyiqinin dəyişməsi nəticəsində bağırsaqlarda qaz artır, nəticədə ağciyər sıxılır və təngnəfəslik artır. Əhali bilməlidir ki, belə hal xəstəlik deyil. Bu, orqanizmin zəifliyi və müqavimət göstərə bilməməsidir”.

Y.Qurbanov deyib ki, bəzən infakt, insult keçirən insanlar istirahət üçün öz yaşadıqları ərazidən uzaq yerə gedirlər: “Amma bilmək lazımdır ki, belə insanların olduqları yerdən uzağa getməsi məsləhət deyil. Çünki o zaman təzyiq qəflətən yüksələ və təhlükə yarana bilər”.

“Alimlərin apardığı tədqiqatlar göstərib ki, yol qəzalarının əksəriyyəti havanın həddən artıq isti və ya soyuq vaxtı qeydə alınır. Temperatur azalanda və çoxalanda bütün orqanların funksiyaları dəyişir və bu da hadisələrin baş verməsinə səbəb olur. Halbuki yağışlı-dumanlı havada belə hallar daha az qeydə alınır”, – baş terapevt əlavə edib.