AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Yaponiyanın Baş naziri Şinzo Abe və Rusiya Prezidenti Vladimir Putin Kuril adaları silsiləsinə daxil olan dörd adada birgə iqtisadi əməkdaşlıqla bağlı prioritet layihələrin icrası üçün razılığa gələcəklər.

Bu gün Ş.Abe Rusiyanın Vladivostok şəhərində keçiriləcək Şərq İqtisadi Forumunda iştirak etmək üçün səfərə yola düşəcək. Rusiya Prezidenti ilə yüksək səviyyəli görüş avqustun 7-də keçiriləcək.

İki ölkə arasında əsasən beş istiqamətdə – dəniz məhsullarının, istixanalarda tərəvəzlərin yetişdirilməsi, turizmin inkişafı, külək enerjisindən istifadə və tullantıların emalı sahələrində layihələrin qəbul olunacağı gözlənilir.

Yaponiya tərəfinin Rusiyadan adaların keçmiş sakinlərinin valideynlərinin məzarlarını ziyarət edə bilməsi üçün hava daşımalarının sayının artırılmasını xahiş ediləcəyi də bildirilir. Bununla yanaşı, adaların çıxış nöqtələrinin sayının çoxaldılması barədə məsələnin müzakirə ediləcəyi gözlənilir.

Görüş zamanı Yaponiyanın iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı təklif etdiyi səkkiz bəndlik proqrama uyğun olaraq hazırlanmış 30-dək sənədin imzalanacağı da nəzərdə tutulub.

Yaponiya hazırda Rusiyanın nəzarəti altında olan dörd adanın onun tarixi əraziləri olduğunu iddia edir. Bu adaların II Dünya müharibəsi nəticəsində işğal edildiyi bildirilir.

Sammitdə, eyni zamanda, Şimali Koreya mövzusunun da gündəlikdə olacağı gözlənilir.

 

AZƏRTAC