“Məğlubiyyətlə barışırıqsa, Londona getməyimizin mənası yoxdur” – Qurban Qurbanov

Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun müsahibəsi

– Komandada vəziyyət nə yerdədir?

– Nəhayət, hamı bir yerə yığışıb. Ancaq yenə də bəzi problemlərimiz var. Məsələn, Ansi Aqolli milli komandada zədə alıb və yəqin ki, “Çelsi” ilə görüşü buraxacaq. Digər məsələlər qaydasındadır. Hazırlığımız plana uyğun davam edir. Bir neçə gün vaxtımız da var. Çalışacağıq, bu vaxtdan maksimum yararlanaq.

– Çempionlar Liqasının qrup mərhələsi “Qarabağ” üçün yeni çağırışdır. Komandada həyəcan, psixoloji cəhətdən fərqli yanaşma varmı?

– Düzünü desəm, var. Həyəcanın olması normaldır. Təkcə, rəqiblərin adına görə yox, qrup mərhələsində iştirak etdiyimizə görə bunu qanunauyğun hesab edirəm. Avropa Liqası ilə müqayisə etsək, futbolçuların yanaşmasında fərq hiss olunur. Daha ehtiyatlıdırlar və çalışacaqlar ki, hər oyunda daha dəqiq oynasınlar. Bunu hiss edirəm.

– Rəşad Sadıqovla bağlı məsələ azarkeşləri maraqlandırır. “Qarabağ”ın U-19 komandasının oyunları da eyni vaxtlara təsadüf edir. Kapitan hansı komandanın yanında olacaq?

– Milli komandanın oyunundan sonra Rəşadla söhbət etməmişik. Sözsüz, əsas komandanın oyunları daha vacibdir. Təbii ki, 19 yaşlıları da yaddan çıxarmamalıyıq. Çünki bu, bizim gənclərimiz üçün böyük bir şansdır. Hər bir halda çalışacağıq ki, həm orda, həm də burda işlər qaydasında olsun. Lazım gəlsə, mən də U-19 komandası ilə bağlı müəyyən addımlar atacağam.

– Yeni transferlərin vəziyyəti necədir: Komandaya uyğunlaşa bilirlərmi?

– Hələlik, nəsə demək çətindir. Tarik Elyunussi bu gün məşqlərə qoşulub. Pedro dünənə qədər komandadan ayrı məşq edirdi və bu gün komanda ilə birgə çalışacaq. Düşünürəm ki, tezliklə komandaya uyğunlaşacaqlar. Çünki həm oyun təcrübələri kifayət qədərdir, həm də fiziki hazırlıqları normaldır.

– Premyer Liqanın IV turunda “Səbail”ə qarşı keçirilməli olan oyunun təxirə salınması ilə bağlı qərar qəbul etdiniz. Buna səbəb nə oldu?

– Son günlərdə komandanı bir yerə yığmaqda çətinlik çəkirdim. Yəqin ki, oyuna milli komandanın üzvləri olmadan çıxacaqdıq. Çünki qısa müddətdə iki ağır oyun keçiriblər. Bunları nəzərə alıb Peşəkar Futbol Liqasına müraciət etdik. Sağ olsunlar, istəyimizi nəzərə aldılar. Artıq kifayət qədər vaxtımız var və məşqlərdə istənilən hazırlıq formalarını tətbiq edə biləcəyik. “Səbail”lə görüşə çıxası olsaydıq, yalnız Londonda oyunöncəsi məşq edəcəkdik.

– Bilirik ki, proqnoz verməklə aranız yoxdur. Ancaq düşüncələriniz futbolsevərlər üçün maraqlıdır. “Çelsi” ilə oyundan nə gözləyirsiniz?

– Qeyd etdiyiniz kimi, nəticə barədə heç nə deyə bilməyəcəyəm. İngiltərə Premyer Liqasının səviyyəsi hamıya məlumdur. “Çelsi” də bu çempionatın son qalibidir. Bu, bizim üçün böyük motivasiyadır. Sonadək mübarizə aparacağıq. Məğlubiyyətlə barışırıqsa, Londona getməyimizin mənası yoxdur. İngiltərəyə təcrübə toplamaq, inkişaf etmək üçün gedirik. Hər bir futbolçu bunu dərk etməli və 90 dəqiqə dayanmadan nəticə üçün oynamalıdır. Düşünürəm ki, “Çelsi” ilə görüşdə əzmkar komanda görəcəyik.