Türkiyə Superliqası “CBC Sport”da

“CBC Sport” telekanalı yeniliklə gündəmə gəlib.

Astarainfo.az Qol.az-a istinadən məlumatına görə, kanal Türkiyə Superliqasının oyunlarını canlı yayımlayacaq. Bunu kanalın baş direktoru Volkan Üst açıqlayıb.

O, bununla bağı kanalın saytına fikirlərini bildirib: “Böyük sevinc hissi ilə tamaşaçılarmıza, futbol ictimayyətinə, futbolu sevən hər kəsə bildirmək istəyirik ki, Türkiyə superliqasının oyunları tarixdə ilk dəfə Türkiyədən kənarda fəaliyyət göstərən və açıq yayımda olan kanal vasitəsi ilə yayımlanacaq. Bu ilkə “CBC Sport” imza atdı.

Azərbaycana gələn gündən bu çempionatın burada yayımlanmasına çalışdım. Və budur çoxsaylı danışıqlardan sonra “Saran Holding”, “Digi Türk” və AFFA-dan olan dostlarmızın köməyi ilə biz, nəhayət, bu bayramı sizə yaşada biləcəyik. “Qalatasaray”, “Fənərbağça”, “Beşiktaş”, “Trabzonspor” kimi köklü klublarla yanaşı, Türkiyə superliqasında mübarizə aparan digər komandaların oyunlarını da təqdim edəcəyik. Həftədə 2 görüşü canlı yayımlayacağıq.

İşgüzar əlaqələrimdən yararlanıb, derbi qarşılaşmalara və mərkəzi matçlara şərhçilərmizi göndərməyə çalışacağıq. Azərbaycan çempionatında olduğu kimi, meydanın kənarında “CBC Sport”un studiyasının quraşdırılmasına cəhd göstərəcəyik.

Beləliklə, Türkiyə futbolu ilə maraqlananlar, istəkli azarkeşlər superliqa oyunlarına artıq kafelərdə, xüsusi yüksək ödənişli peyk kanalları vasitəsilə deyil, Azərbaycanda sərbəst yayımda olan və bütün  ölkəni əhatə edən “CBC  Sport”la baxacaqlar.

Biz daim inkişafda olmağa, idmansevərlərin zövqünü oxşamağa çalışırıq. Ümid edirəm ki, futbol qurmanları Türkiyə superliqasının oyunlarını bizimlə izləyib, o gərgin və gözəl, özünəməxsus mübarizədən zövq alacaqlar”.

Qeyd edək ki, Türkiyə Superliqası ölkəmizdə ilk dəfə yayımlanacaq.