Avtomobillərin icbari sığortası 23 faiz artıb

Cari ilin avqust ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 114 min 555 elektron sığorta müqaviləsi qeydiyyata alınıb.

Bürodan AZƏRTAC-a bildiriblər ki, bunlardan 17 min 903-ü xarici ölkələrdə qeydiyyata alınıb və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri üzrə bağlanılan müqavilələr olub. Hesabat dövründə bağlanılan standart və sərhəd sığorta müqavilələri üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 8 milyon 833 min 587 manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 23 faiz artım, sığorta haqlarının məbləğində isə 20 faiz artım müşahidə edilib.

Qeyd edək ki, 2016-cı il noyabrın 1-dən avtomobillər üçün icbari sığorta müqavilələrinin kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılmasına başlanılıb. Bu tarixədək kağız daşıyıcıda bağlanılan avtomobillərin icbari sığorta müqavilələri təminat müddətlərinin bitdiyi tarixədək qüvvədədir.

Hazırda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan 13 sığorta şirkəti (“Atəşgah” Sığorta Şirkəti ASC, “Standard İnsurance” Sığorta Şirkəti ASC, “AtaSığorta” ASC, “Xalq Sığorta” ASC, “PAŞA Sığorta” ASC, “AXA MBASK” Sığorta Şirkəti ASC, “AzSığorta” ASC, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, “Meqa Sığorta” ASC, “İPƏK YOLU SIĞORTA” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Qala Sığorta” ASC, “Günay Sığorta” ASC) fəaliyyət göstərir.