Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının sədri xanım Kristin Muttonen ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ATƏT PA ilə Azərbaycan arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf etdirilməsinin yolları müzakirə edilib, habelə konstruktiv dialoq və anlaşma ruhunda əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında fikir mübadiləsi aparılan görüşdə münaqişənin regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olduğu bildirilib.

Nazir Elmar Məmmədyarov beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq münaqişənin həlli ilə əlaqədar müvafiq beynəlxalq təşkilatların, o cümlədən ATƏT PA-nın töhfəsinin və rolunun təqdir edildiyini söyləyib.

Nazir ATƏT-in Minsk qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətin mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olması faktını qəbul etdiyini deyərək, münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmasının vacibliyini vurğulayıb. Elmar Məmmədyarov güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu qeyd edib.

Tərəflər parlament diplomatiyasının əhəmiyyətini xüsusi qeyd edərək, bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıblar.

Kristin Muttonen ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin fəal iştirakını yüksək qiymətləndirib. O, həmçinin multikulturalizm dəyərlərinin təşviqində Azərbaycanın rolunu təqdir edib.

Görüşdə Azərbaycan və ATƏT PA arasında əlaqələrin inkişaf perspektivləri, ATƏT-in gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.