Sentyabrın 8-i Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür.

AZƏRTAC xəbər verir ki, 1958-ci ildə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Beynəlxalq Jurnalistlər Təşkilatının IV Konqresində bununla bağlı qərar qəbul olunub. Dünya mediası üçün əlamətdar sayılan bu tarix 1943-cü il sentyabrın 8-də hitlerçilər tərəfindən qətlə yetirilmiş çexiyalı jurnalist Yulius Fuçikin xatirəsinə təsis edilib.

Bu gün Azərbaycanda söz, fikir və mətbuat azadlıqlarının yüksək səviyyədə təminatı sahəsində ardıcıl siyasət yürüdülür. Dövlətimizin başçısının milli mətbuatın yubileyləri münasibətilə imzaladığı sərəncamlar, eləcə də jurnalistlərin sosial problemlərinin həlli istiqamətində atdığı addımlar KİV nümayəndələrinə yüksək qayğının əyani təzahürüdür.

Müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı var. Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır.

Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında KİV-in inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi”, 2009-cu ilin aprelində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlar idi.

Milli mətbuatın yubileylərinin qeyd olunması, KİV-ə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.

Mətbuat Şurası üçün yeni binanın ayrılması, onun müasir avadanlıqla təmini, Prezident İlham Əliyevin binanın açılışında iştirakı, jurnalistlər qarşısındakı çıxışı bir daha bu həqiqəti təsdiq etdi ki, azad mətbuatın inkişafı dövlət siyasətində prioritetdir. Prezident İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 2010-cu il 22 iyul tarixli Sərəncamı isə jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət siyasətini ortaya qoydu.

Jurnalistlər üçün yaşayış binası tikildi. Bu diqqət və qayğı jurnalistləri növbəti dəfə öz dostlarını seçməkdə çətinə salmadı. “Ruh” Azərbaycan Jurnalistlərin Müdafiə Komitəsinin 2010-cu ildə keçirdiyi sorğunun nəticələrinə əsasən, Prezident İlham Əliyev KİV-in inkişaf etdirilməsi sahəsində xidmətlərinə görə “Jurnalistlərin dostu” mükafatına layiq görüldü. 156 mənzildən ibarət 17 mərtəbəli binanın açılışı 2013-cü ildə oldu. Prezident İlham Əliyev Milli Mətbuat Günündə binanın açılış mərasimində iştirak etdi.

Həmin gün jurnalistlərin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində daha bir mühüm tədbir reallaşdı. Dövlətimizin başçısı jurnalistlər üçün inşa ediləcək növbəti binanın təməlini qoydu. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunan media nümayəndələri 2013-cü ildə yenidən Prezident İlham Əliyevi jurnalistlərin dostu elan etdilər.

Prezident İlham Əliyev milli mətbuatın yaradılmasının 142-ci ildönümü ərəfəsində jurnalistlər üçün tikilən ikinci binanın açılışını etdi. 17 mərtəbəli bu binada 255 jurnalist mənzillə təmin olundu. Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bir daha bəyan etdi ki, mətbuat nümayəndələrinə bu qayğı davamlıdır. Tədbirdə, həmçinin jurnalistlər üçün tikiləcək 3-cü binanın təməli qoyuldu.

Milli mətbuatın inkişafında xidmətləri olan jurnalistlərin mükafatlandırılması, orden, medal və fəxri adlarla təltif olunması da ölkəmizdə mətbuata dövlət qayğısının bariz nümunəsidir. Bu, Azərbaycan mətbuatının tam azad və müstəqil şəkildə fəaliyyətinə xidmət edir. Prezident İlham Əliyevin milli mətbuatımızın 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündə dövlətimizin başçısına Azərbaycanın milli maraqlarının qorunmasındakı qətiyyətli mövqeyinə görə Mətbuat Şurasının xüsusi mükafatının təqdim edilməsi isə kütləvi informasiya vasitələri işçilərinin onlara göstərilən dövlət qayğısına minnətdarlığı kimi qəbul etmək olar.

Beləliklə, Azərbaycan dövləti mətbuatımızın inkişafındakı marağını ən müxtəlif tədbirlərlə konkret və prinsipial şəkildə ortaya qoyur. Ölkəmizdə dünya standartlarına uyğun media, elektron və yazılı KİV formalaşıb, yüzlərlə mətbu orqan sərbəst fəaliyyət göstərir. Azərbaycan müasir texnologiyaların tətbiqində də öz sözünü deyir. İnternet jurnalistikası da sürətlə inkişaf edir, söz azadlığı tam təmin olunub. Müstəqil KİV-in sayına görə Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında qabaqcıl mövqelərdən birini tutur.