Ölkə ərazisində havada olan tozun miqdarı sanitar normadan artıqdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, ötən gün havada tozun miqdarının sanitar normadan 30-40 faiz artıq olduğu qeydə alınıb.

Bu dəfə səbəb tranzit gətirmələr deyil, yay fəslinin çox quraq keçməsi və ölkə ərazisinə daxil olan güclü şimal-qərb küləyinin təsiri nəticəsində yerin üst qatında olan tozun atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır.

Sağlam insanlar tozun normadan çox olmasından ciddi təsir görməsələr də, bir sıra xəstəlikləri olanlar üçün bu havada nəfəs almaq xeyli çətindir.

Allerqoloq Fəxri Hüseynov Publika.az-a açıqlamasında son günlər allergiyadan əziyyət çəkənlərin müraciətinin artdığını deyib: “Respitator sistemin allergik xəstəliklərindən əziyyət çəkən – allergik rinit, allergik bronxial astma xəstələrinə bu cür hava çox pis təsir edir. Bu xəstələr nəfəs alan zaman havadakı toz zərrəcikləri üst, hətta alt tənəffüs yollarına çatır. Astma xəstələrinin ağırlaşması, allergik-renik xəstələrində burun-gözdə qaşınma, asqırmalar, boğulmalara qədər ağırlaşa bilir. Son iki gündə bronxial astma xəsətlərinin müraciətləri artıb. Onlar əsasən, boğulmalar, tənəffüs ağırlaşmaları ilə müraciət edirlər. 5-6 ildir bronxial astmadan müalicə olunan xəstələrimizdən biri bu gün reanimasiya şöbəsinə yerləşdirilib. O, sadəcə havaya çıxıb və ağır boğulma ilə xəstəxanaya müraciət edib. Bu cür havalarda belə hallar çox olur.

Allerqoloq deyir ki, belə havada ən yaxşı məsləhət allergiyalı şəxslərin mümkün qədər açıq havaya çıxmamasıdır: “Bu xəstələr məcbur qalmadıqları halda açıq havaya çıxmamalıdırlar. Əgər küçəyə çıxmağa məcburdurlarsa, xroniki ağciyər və bronxial astma xəstələri tozlanmanın yüksək olduğu ərazilərdə xüsusi tənəffüs respiratorlardan istifadə etməlidirlər. Evdə olduqları zaman qapı-pəncərələri çox da açıq saxlamamalıdır. Bu zaman bronxial astma xəstələr nəfər aerozollarından mütəmadi istifadə etməlidirlər. Çünki bu cür havada həmin xəstələrin bronxial tutmaları, boğulmalar daha da ağırlaşır.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə Publika.az-a bildirib ki, bu cür hava ağciyərdə xəstəlilkləri yarada və bu xəstələrin vəziyyətini ağırlaşdıra bilər: “Vizual olaraq gözlə havada toz hissəcikləri görünür. Bu cür hava insanların nəfəs almasına təsir edir. Allergiya, gözün selikli qişanın iltihabı xəstəliyini yarada bilər. Bu cür havada xroniki ağciyər, bronxial astma xəstələri də diqqətli olmalıdırlar. Çünki tozlu hava ilə kontakt zamanı astmanın kəskinləşməsi baş verə bilər”.

Gülxar