“Facebook” şou çəkilişlərinə 1 milyard dollar xərcləyəcək

“Facebook” şirkəti orijinal videokontentin istehsalı üçün 1 milyard dollar ayırmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, məlumata görə, şouların şirkətə bu yaxınlarda istifadəyə verilən “Watch” videoplatformasına diqqəti cəlb etməyə kömək edəcəyi gözlənilir. Bu məbləğ “Facebook” tarixində kontentin yaradılmasında ən bahalı investisiya olacaq.

Xatırladaq ki, şirkət “Watch” servisinin istifadəyə veriləcəyini avqustun 10-da açıqlayıb. Yeni platforma “YouTube” servisini xatırladır: platforma istifadəçiləri videoçarxlar dərc edə, eləcə də başqalarının videolarına və peşəkar şoulara baxa biləcəklər.

Hazırda “Watch” servisindən yalnız ABŞ ərazisində istifadə mümkündür. Artıq “National Geographic”, “NASA”, “Billboard” və digərləri platformada translyasiyalar etmək niyyətində olduqlarını açıqlayıblar.