“Mən Azərbaycan haqqında nə bilirəm?” müsabiqəsinin qalibi 5 pakistanlı gənc Azərbaycana səfər edəcək (FOTO)

Pakistan gəncləri arasında ilk dəfə keçirilən “Mən Azərbaycan haqqında nə bilirəm?” esse müsabiqəsinin qalibləri ilə görüş olub.

Bu barədə Trend-ə Azərbaycanın Pakistandakı səfriliyindən məlumat verilib.

Səfirlikdə keçirilən görüşdə qalibləri təbrik edən səfir Əli Əlizadə onlara Azərbaycanın siyasi və tarixi reallıqları, sosial-iqtisadi inkişafı, hər iki ölkə liderlərinin səyləri ilə möhkəm təməllər üzərində bərqərar edilən Azərbaycan-Pakistan dostluq və qardaşlıq münasibətləri, təcavüzkar Ermənistanın etnik təmizləmə və terrorçuluq siyasəti haqqında məlumat vermişdir. Azərbaycana göstərdiyi maraqlarına görə onlara təşəkkür edən səfir onların yazdıqları esse yazılarının önəmli mövzuları əhatə etdiyini vurğulayıb və qaliblərin sentyabr ayında Azərbaycana 1 həftəlik səfər etmək imkanı qazandıqlarını, bu həftə ərzində onların Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadi nailiyyətləri, Azərbaycan həqiqətləri ilə daha yaxından tanış olacaqlarını bildirib.

Müsabiqənin qalibləri yaradılan şəraitə və təşkilatçılığa görə Azərbaycan hökumətinə minnətdarlığını bildirərək, Azərbaycan haqqında fikir və təsəvvürlərini bölüşüb, çox eşitdikləri və görmək istədikləri Azərbaycana səfər etməyin həyəcanını yaşadıqlarını qeyd ediblər.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi və ölkəmizin Pakistandakı səfirliyinin təşkilatçılığı ilə Pakistan gəncləri arasında ilk dəfə olaraq keçirilən bu müasabiqə “Qarabağ münaqişəsinin reallıqları”, “Azərbaycanın tarixi, incəsənəti və mədəniyyəti”, “Azərbaycanın əhalisi, dili və adət-ənənələri”, “Azərbaycanın beynəlxalq siyasətdəki rolu”, “Heydər Əliyev: Azərbaycan xalqının ümummilli lideri”, “Azərbaycan və Pakistan: tarixi əlaqələr və perspektivlər”, “Azərbaycanın iqtisadi inkişafı”, “Azərbaycanın neft və gaz strategiyası” və bu kimi digər mövzuları əhatə edib. Pakistanın müxtəlif universitet və digər təhsil müəssisələrindən müsabiqə komissiyasına esse yazılarını təqdim edən 200-ə yaxın iştirakçı arasından 5 nəfər qalib adını qazanıb.