Səfirlik: Cənubi Koreyadan Azərbaycana gələn turistlərin sayı artıb

“Azərbaycanla Cənubi Koreya arasında diplomatik münasibətlər 25 il ərzində yüksək inkişaf səviyyəsinə çatıb”.

“Report” xəbər verir ki, bunu Cənubi Koreyanın Azərbaycandakı səfirinin müavini Kvon Donq-sok jurnalistlərə açıqlamasında deyib.

Diplomat bildirib ki, Azərbaycanda fəaliyyət göstərən Koreya şirkətlərinin sayının çox olması bunu təsdiq edir. Onun sözlərinə görə, Cənubi Koreyanın nəhəng “Samsung” şirkəti Azərbaycanda bir sıra layihələr həyata keçirir: “Hazırda Azərbaycanda 10-dən artıq Cənubi Koreya şirkəti fəaliyyət göstərir. Onlar ölkənin ən yaxşı və ən böyük firmalarıdır. Bu şirkətlər Azərbaycan üçün vacib sahələrdə, xüsusilə, infrastruktur sahəsində fəaliyyət göstərirlər. Bu da hər iki tərəf üçün faydalıdır. Cənubi Koreyanın qeyri-neft sektorunda təcrübəsi çox yüksəkdir. Bura Azərbaycana maraqlı ola biləcək kənd təsərrüfatı, infrastruktur, tibb, informasiya texnologiyaları daxildir”.

Kvon Donq-sok qeyd edib ki, hazırda iki ölkə arasında birbaşa aviareyslər yoxdur. O vurğulayıb ki, buna baxmayaraq bu il Cənubi Koreyadan Azərbaycana turistlərin sayında artım qeydə alınıb.

Diplomat deyib ki, Azərbaycan və Cənubi Koreya prezidentlərinin qarşılıqlı səfərləri nəticəsində iki ölkə arasında əlaqələr daha da inkişaf edib: “25 il ərzində ölkələrimiz arasında münasibətlər yüksək səviyyədə olub. Bütün sahələrdə ikitərəfli əməkdaşlığı yüksəkdir, biz onu daha yüksək səviyyəyə qaldırmaq istiqamətində işləyirik”.

O əlavə edib ki, koreyalıların Azərbaycan haqqında az məlumatı var: “Baxmayaraq ki, biz coğrafi baxımdan bir-birimizdən uzaq məsafədə yerləşirik, amma azərbaycanlıların və koreyalıların mentalitetini çox oxşardır. Biz xalqların yaxınlaşmasını təmin etməliyik, bu prioritetdir. Birbaşa aviareyslərin olmaması maneədir, hazırda biz bunun üzərində işləyirik və danışıqlar aparırıq”.

Səfir müavini bunun yaxın vaxtlarda baş verəcəyinə ümidvar olduğunu bildirib.