Azərbaycan və Koreya alimləri informasiya texnologiyaları sahəsində birgə tədqiqatlar aparacaqlar

Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun nümayəndələri ölkəmizə səfərləri çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda olublar. Bu barədə AZƏRTAC-a İnformasiya Texnologiyaları İnstitutundan bildirilib.

Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun Qlobal Kommersiyalaşdırma Mərkəzinin direktoru Munki Çoy bildirib ki, Azərbaycana səfər etməkdə əsas məqsəd informasiya texnologiyaları sahəsində əməkdaşlıq əlaqələri qurmaq, kadr və təcrübə mübadiləsi aparmaqdır. M.Çoyun dediyinə görə, təmsil etdiyi elmi qurum təkcə İKT sahəsində deyil, həm də digər sahələrdə araşdırmalar apararaq texnologiyanın kommersiyalaşdırılması istiqamətində layihələr həyata keçirir.

İnformasiya Texnologiyaları İnstitutu direktorunun müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov təmsil etdiyi qurumun əsas fəaliyyət istiqamətləri haqqında məlumat verib. Direktor müavini institutda informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə aparılan elmi tədqiqatlardan, görülən işlərdən danışıb.

Alim qonaqlara institutun “AzScienceNet” kompüter şəbəkəsi barədə də məlumat verib. O, şəbəkənin AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksək səviyyədə internet xidməti göstərdiyini, elm və təhsil şəbəkələri üzrə milli operator olaraq Azərbaycan elminin dünya elminə inteqrasiyasında mühüm rol oynadığını qeyd edib.

Görüşdə texnologiyanın kommersiyalaşdırılması və əməkdaşlıq perspektivləri ilə bağlı müzakirələr aparılıb. Həmçinin milli elm və texnologiya informasiya xidmətinin yaradılması, əşyaların interneti, Big Data, kibertəhlükəsizlik texnologiyaları və s. istiqamətlərdə birgə tədqiqatların aparılması qərara alınıb.