Kimyaçı alim Rəsul Rəhşanlının “Strasburq Universitetinin doktoru Xanlarov” kitabı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) təqdim olunub.

MEK-dən AZƏRTAC-a bildiriblər ki, kitab Almaniyada təhsil almış, daha sonra Fransanın Strasburq Universitetində tədqiqat aparan ilk azərbaycanlı kimyaçı alim Mövsüm bəy Xanlarovun həyat və yaradıcılığından bəhs edir.

Nəşrdə Mövsüm bəy Xanlarovun 1883-cü ildə Strasburq Universitetinin elmi şurasında 26 yaşında doktorluq dissertasiyasını uğurla müdafiə edərək elmlər doktoru alimlik dərəcəsi almasına xüsusi yer ayrılıb. Bakıda doğulub boya-başa çatmış gəncin 26 yaşında dünyanın ən tanınmış elm və təhsil mərkəzlərindən birində belə yüksək ad alması XIX əsrin sonlarına doğru milli elmin inkişafı sahəsində o qədər də nəzərəçarpacaq nailiyyətləri olmayan Azərbaycan üçün son dərəcə əlamətdar hadisə kimi təsvir edilir.

Əsərdə Mövsüm bəy Xanlarovun dünyanın görkəmli alimləri ilə yazışmalar və həmin elm xadimlərinin azərbaycanlı alimə göndərdikləri məktublarla bağlı faktlar ortaya qoyulub.

Qeyd edək ki, Mövsüm bəy Xanlarov “Əkinçi” qəzetinin fəal müəlliflərindən biri olub.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub və kimya elminin tarixi ilə maraqlananlar üçün faydalı ola bilər.