Sentyabrın 12-də basketbol üzrə Avropa çempionatının dörddəbir final mərhələsinin ilk iki görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, ilk oyunda İspaniya və Almaniya yığma komandaları üz-üzə gəliblər. Çempionatda qrup mərhələsində keçirdiyi bütün görüşlərdə qalib gələn Pireney təmsilçisi qələbə seriyasını bu oyunda da qoruyub. Səkkizdəbir finalda Türkiyə millisini mübarizədən kənarlaşdıran İspaniya basketbolçuları görüşü 84:72 hesablı qələbə ilə başa vuraraq yarımfinala yüksəliblər.
Dörddəbir final mərhələsinin ikinci görüşündə qrup mərhələsində yüz faizli nəticə göstərən digər komanda – Sloveniya yığması Latviya seçməsi ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda sloveniyalılar 103:97 hesabı ilə qələbə qazanaraq adlarını yarımfinala yazdırıblar. Sloveniya yığma komandası yarımfinalda İspaniya millisi ilə görüşəcək.
Avropa çempionatında digər yarımfinalçılar Yunanıstan-Rusiya və İtaliya-Serbiya oyunlarından sonra müəyyənləşəcək.
Dörd ölkənin – Finlandiya, İsrail, Rumıniya və Türkiyənin ev sahibliyi ilə keçirilən basketbol üzrə 40-cı Avropa çempionatında dörd qrupda 24 komanda mübarizəyə qoşulmuşdu.