Cəbhə bölgəsində pambıq yığımına başlandı

Azərbaycanda cəbhə rayonlarında pambıq yığımına start verilib.

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov Trend-ə açıqlamasında bildirib ki, rayon ərazisində 3 min 5 hektar pambıq sahəsi əkilib.

Sentyabrın 10-dan etibarən rayon ərazisində pambıq yığımına başlanılıb: “Məhsuldarlıq gözlədiyimizdən də yüksəkdir. Artıq sentyabrın 12-də ilk yığımı təhvil vermişik. Həmin gün 4 ton 90 kiloqram pambıq təhvil verdik. Hazırda yığım davam edir. Məhsuldarlıq hektara 25 sentnerdən artıqdır. Bu il 7 min tondan artıq pambıq yığıb təhvil verməyi planlaşdırırıq”.

Tərtər rayonunda da artıq pambıq yığımına start verilib.

Rayonun icra başçısı Müstəqim Məmmədov Trend-ə bildirib ki, bu il rayon ərazisində 3 min 125 hektar pambıq əkilib: “Ötən il 1000 hektar pambıq əkmişdik. Məhsuldarlıq yüksək olduğu üçün bu il bu rəqəm 3 min 125 hektar oldu. Sentyabrın 8-dən rayon ərazisində pambıq yığımına başlamışıq. Artıq 20 ton pambıq təhvil vermişik. Tam aqrotexniki qaydalara əməl etmişik. Ona görə də ən yüksək məhsuldarlıq gözləyirik. İnanırıq ki, bu il məhsuldarlıq 30 sentnerə yaxın olacaq”.

Qeyd edək ki, pambıq yığımı noyabr ayına qədər davam edəcək.