Müfti Aşfaq Hussain Quadri: Azərbaycan dünyanın yeni ümididir

Azərbaycan dünyanın yeni ümididir və bu yaxınlarda Rohingiyaya göstərdiyi yardım, İslam Əməkdaşlıq Təşkilatındakı mövqeyi Bakının müsəlman aləmində müsbət imicini yaradıb. Bu gün Prezident İlham Əliyev ən fəal liderlərdən biridir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Bütün Hindistanın İslam Alimləri Təşkilatının təsisçisi və prezidenti müfti Aşfaq Hussain Quadrinin bəyanatı ilə bağlı www.timesheadline.com  saytında verilmiş məqalədə yer alıb.

“Biz Myanmanı rohingiyalılar üçün ən böyük təhdid hesab etdiyimiz kimi, Ermənistanı da müsəlman ümməti üçün ən böyük təhlükə hesab edirik. Azərbaycan torpaqlarının 20 faizini işğal edən, Azərbaycanın Xocalı şəhərində azərbaycanlı dinc əhaliyə qarşı soyqırımı törədən Ermənistan İslam dünyasının etibarlı tərəfdaşı və dostu ola bilməz”, – deyə müfti vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Astanada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci Sammitində çıxışı zamanı erməni faşizmi barədə söylədiklərinə toxunan müfti Aşfaq Hussain Quadri deyib: “Biz bilirik ki, Ermənistan rəhbərliyinin əmri ilə Azərbaycanın işğal olunmuş torpaqlarında məscidlərimiz dağıdılıb. Şuşanın, Ağdamın və digər şəhərlərin dağıdılmış məscidlərinin şəkilləri erməni vandalizminin sənədli sübutudur”.

Müfti bəyan edib ki, rəhbərlik etdiyi təşkilat Ermənistanın azərbaycanlılara qarşı vəhşiliyinə şahiddir və Prezident İlham Əliyevin Astanada səsləndirdiyi “Ermənistanda islamofobiya pik həddə çatıb” fikrini qəti şəkildə dəstəkləyir. “Mən bir daha deyirəm, heç kim ikiüzlü Ermənistanın yalanlarına inanmamalıdır. Azərbaycanda məscidləri dağıdan Ermənistanla heç bir müsəlman ölkəsi dost olmamalıdır. Bütün Hindistanın İslam Alimləri Təşkilatı istəyir ki, Azərbaycanın İslam dünyasını necə dəstəklədiyi və dünyanın ən fəal liderlərindən biri olan Prezident İlham Əliyevin ölkəsini necə inkişaf etdirdiyi barədə həqiqətləri hamıya çatdıraq. Biz Hindistan əhalisini Ermənistanın qəddarlığı barədə məlumatlandırırıq. Çünki Hindistan əhalisi Ermənistanın vəhşiliyi barədə kifayət qədər bilmir və biz erməni qəddarlığı, cinayəti barədə məlumatı xalq arasında yaymağı özümüzə borc bilirik”, – deyə müfti Aşfaq Hussain Quadri vurğulayıb.

Məqalənin sonunda deyilir: “Biz Azərbaycanın haqq işini dəstəkləyirik, Ermənistanı isə təcavüzkar dövlət hesab edirik”.