Rusiya şəhərlərində bomba həyəcanı yaşanır, on mindən çox adam evakuasiya edilib

Son günlər Rusiyanın bir çox şəhərlərində, o cümlədən Moskvada partlayıcı qurğuların quraşdırılmasına dair anonim zənglər daxil olur.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, partlayışların törədiləcəyinə dair xəbərlər daxil olduğu üçün “Afimall”, “Metropolis”, “Kapitoliy”, “Qorod” ticarət mərkəzlərindən, Kiyev, Leninqrad və Kazan vağzallarından, həmçinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu, Seçenov adına Moskva Dövlət Tibb Universiteti və Plexanov adına Rusiya İqtisadiyyat Universitetindən on mindən çox insan evakuasiya edilib.

Bundan başqa, Qızıl meydanda da partlayıcı qurğunun quraşdırılmasına dair anonim məlumat daxil olub.

Moskva polisinin “Report”un yerli bürosuna verdiyi məlumata görə, binalarda axtarış aparılır. Polisin dediyinə görə, bütün zənglər, demək olar ki, eyni vaxtda  – 15:00 və 16:00 radələrində daxil olub.

Dəqiqləşdirilməmiş məlumata görə, telefon terrorçuları, əsasən, Ukrayna nömrələrindən zəng edib.

DİN, FHN və xüsusi xidmətlər hələlik rəsmi açıqlama verməkdən çəkinirlər.