Ağcabədidə pambıq yığımına başlanılıb

Ağcabədi rayonunda pambıq yığımına başlanılıb. Hazırda Ağabəyli, Boyad, Şənlik kəndlərdə pambıqyığan maşınlar sahələrə çıxarılıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Prezident İlham Əliyevin ölkəmizdə aqrar sektorun ənənəvi sahəsi olan pambıqçılığın inkişafı ilə əlaqədar verdiyi tövsiyə və tapşırıqlara müvafiq olaraq rayonda bu sahənin dirçəldilməsi istiqamətində mühüm addımlar atılıb. Rayonun iqlim şəraiti, sakinlərin pambıqçılıq sahəsində

təcrübəsi məhsul istehsalını artırmaq üçün stimul yaradır. Əgər ötən il rayon ərazisində 3661 hektarda pambıq əkilmişdisə, bu il əkin sahələri 9950 hektara çatdırılıb. Rayonun fermerləri pambığı əsasən “MKT İstehsalat Kommersiya” MMC, “CTS Aqro” MMC, “Ağcabədi Kənd Təsərrüfatı” MMC və “Kürdlər Pambıq”

MMC ilə müqavilə əsasında becərirlər. Havaların əlverişli keçməsi və aqrotexniki qulluq sayəsində tarlalarda bol məhsul yetişib.

Şənlik kəndi Ağcabədi rayonunda pambıqçılığın inkişaf etdiyi kəndlərdəndir. Bu il kəndin ərazisində 550 hektar sahədə pambıq yetişdirilib. “MKT İstehsalat Kommersiya” MMC-nin Şənlik ərazisi üzrə nümayəndəsi Əli Muxtarov AZƏRTAC-a bildirib ki, bağlanmış müqavilələrə əsasən fermerlər texnika, toxum, gübrə və kimyəvi preparatlarla təmin edilib. Hazırda bütün qüvvələr pambığın yığılmasına yönəldilib.

Kənd sakini İlqar Cəfərov pambıqçılığın inkişafı ilə bağlı təşəbbüslərə böyük həvəslə qoşulduğunu bildirərək deyib: “MKT İstehsalat Kommersiya” MMC ilə müqavilə əsasında 35 hektarda pambıq becərmişəm. Pambığın becərilməsində suvarma, gübrələmə, kultivasiya, zərərverici və xəstəliklərə qarşı mübarizə, ucvurma və digər aqrotexniki tədbirlər vaxtında həyata keçirilib. Odur ki, tarlalarda bol məhsul yetişib. Artıq bu gündən pambıq yığımına start vermişik. Hər hektardan 40 sentnerə yaxın məhsul gözləyirik. Hesab edirəm ki, 130 tondan çox pambıq yığa biləcəyik”.