Küveyt: OPEC+ sazişinin müddətinin uzadılması barədə danışmaq hələ ki tezdir

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və bəzi qeyri-OPEC ölkələri ilə əldə edilən və gələn ilin mart ayının sonunda başa çatacaq neft hasilatının azaldılması üzrə sazişin müddətinin uzadılması barədə danışmaq hələ ki tezdir.

AZƏRTAC “reuters.com”a istinadla xəbər verir ki, bu barədə Küveytin neft naziri Əssam əl-Marzuk deyib. O bildirib ki, sazişin müddətinin uzadılması barədə qərar gələn ilin ilk rübündə verilə bilər. Mart ayının sonunadək neft bazarında tələb-təklif tarazlığı yaranmasa bu zaman müxtəlif variantlar gözdən keçiriləcək: “Mövcud sazişin müddətinin bitməsinə 5 aydan çox vaxt var. Ona görə də, sazişin müddətinin uzadılması barədə danışmaq hələ ki tezdir”.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.