Prezident təqaüdünə layiq görülən tələbələrdən 16-sı BDU-da təhsil alacaq

Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 13 sentyabr tarixli müvafiq Sərəncamına əsasən qəbul imtahanlarında yüksək nəticələr göstərmiş 102 tələbə Prezident təqaüdünə layiq görülüb.

Bakı Dövlət Universitetindən (BDU) AZƏRTAC-a bildiriblər ki, Prezident təqaüdünə layiq görülən tələbələrdən 16-sı BDU-da təhsil alacaq. Bu da ötən tədris ilində BDU-dan Prezident təqaüdünə layiq görülən tələbələrin sayından 60 faiz çoxdur.

Qeyd edək ki, bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında respublika ali məktəbləri arasında ən çox tələbə qəbulu Bakı Dövlət Universitetinin payına düşür. Belə ki, BDU-nun bakalavriat səviyyəsinə universitetin Qazax filialı da daxil olmaqla 5 min 100, magistratura səviyyəsinə 700 nəfər qəbul edilib. Qəbul imtahanı verən tələbələrdən 600 və daha yuxarı bal toplayan 390 nəfər, 500-700 arası bal toplayan 1500 nəfər BDU-nu seçib. Bu da respublikada 500-700 bal toplayan abituriyentlərin 21 faizini təşkil edir.

Eyni zamanda, üçüncü ixtisas qrupu üzrə 700 bal toplayan 2 nəfərin seçimi də BDU olub.