“Retro Bakı” layihəsinin yekun qala konserti olub

Fəvvarələr Meydanında yay ayları ərzində hər həftə sonu keçirilən “Retro Bakı” layihəsinin yekun qala konserti olub.

Bu barədə “Report”a Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin və Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilən qala konsertdə əməkdar artistlər Eyyub Yaqubov, Nüşabə Ələsgərli, Elza Seyidcahan, tanınmış müğənnilər Nadir Qafarzadə, Günay İbrahimli, Leyla Ramazanlı, Elvin Mirzəzadə, Dana Durdana, Lətifə SoyÖz, Çinarə Bəkirova, Həmidə Hüseyn, Asif Məhərrəmov, Mircabbar Babayev, Ramil Nabran, Elnar Xəlilov, Rasimə Seyidcahan, “Aysel” və “Səma” rəqs ansamblları möhtəşəm konsert proqramı ilə Bakı sakinləri və qonaqlarına xoş əhval-ruhiyə bəxş ediblər.

Qeyd edək ki, ilk dəfə olaraq “Retro Bakı” layihəsi 2016-cı ildən start götürüb. Layihə tamaşaçılar tərəfindən sevildiyini nəzərə alaraq bu ildə davam etdirilib. Ənənəvi olaraq keçirilən layihənin məqsədi əhalinin və turistlərin asudə vaxtının xoş keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin səsləndirilməsi və XX əsrin 60-70-ci illərində Bakıda musiqidə olan dəbin yenidən canlandırılmasıdır.