“Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunda dəyişiklik ediləcək

Azərbaycanda “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna dəyişikliklərin edilməsi təklif edilir.

“Report” xəbər verir ki, bu məsələ Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

İclasda qeyd edilib ki, qanuna təklif edilən əlavəyə əsasən, əhalinin sanitariya-epidemioloji salamatlılığının təmin edilməsi sahəsində elmi tədqiqatların qiymətləndirilməsini və əlaqələndirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat həyata keçirəcək.

Həmçinin əhalinin sanitariya-epidemioloji salamatlılığının təmin edilməsi sahəsində elmi tədqiqatlar “Elm haqqında” qanunla müəyyən edilən qaydada həyata keçiriləcək.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.