“Saudi Aramco”nun səhmləri 2019-cu ilin əvvəlində satışa çıxarılacaq

Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun səhmləri 2019-cu ilin əvvəlində satışa çıxarılacaq.

AZƏRTAC “bloomberght.com”a istinadla xəbər verir ki, bu barədə şirkətə yaxın mənbələr deyib. Bildirilir ki, səhm satışının dəyərinin böyük olması satış prosesinin gecikməsinə səbəb olur.

Xatırladaq ki, “Saudi Aramco”nun icraçı direktoru Amin Nasser şirkətin səhmləri 2018-ci ilin ikinci yarısında satışa çıxarılacağını demişdi. Şirkətin səhmlərinin 5 faizlik hissəsi Səudiyyə Ərəbistanının birjası (Tadawul) ilə yanaşı, daha çox beynəlxalq bazarda satılacaq. Bu səhm satışının dəyərinin 2 trilyon dollara çatacağı gözlənilir.

Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun səhmlərinin satışı üzrə məsləhətçi banklar artıq seçilib. Şirkətin səhmlərinin satışı zamanı “JPMORGAN Chase”, “Morgan Stanley” və “HSBC” bankları məsləhətçi qismində çıxış edəcəklər. Əvvəllər isə “Aramco”nun özəlləşdirilməsi üzrə “Moelis & Co”, “Evercore Partners Inc.” və “Michael Klein” məsləhətçi şirkətlər kimi seçilmişdi.