Tütünçülük, baramaçılıq, fındıqçılıq və çayçılığın inkişafına indiyədək 24 milyon manat güzəştli kredit ayrılıb

Prezident İlham Əliyevin sədrliyi ilə bu il avqustun 4-də Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlətimizin başçısı bu sahələrin inkişaf etdirilməsi ilə əlaqədar aidiyyəti qurumlar qarşısında konkret vəzifələr müəyyənləşdirib. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu gün Zaqatalada keçirilən işgüzar forum da məhz həmin tapşırıqların icrası ilə əlaqədardır. Forumun əsas məqsədi bu zona üçün ənənəvi hesab olunan yeni tütün sahələrinin, fındıq bağlarının salınması, bu sahələr üzrə emal müəssisələrinin yaradılması üçün güzəştli kreditlərin verilməsini təmin etməkdən ibarətdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Zaqatalada keçirilən işgüzar forum zamanı jurnalistlərə müsahibəsində deyib.

Fondun rəsmisinin sözlərinə görə, indiyədək SKMF tərəfindən tütünçülüyün, baramaçılığın, fındıqçılığın, həmçinin çayçılığın inkişafı ilə bağlı 270 sahibkara 24 milyon manat güzəştli kreditin verilməsi təmin olunub. “Prioritet istiqamətlər olduğunu nəzərə alaraq, bu sahələrin inkişafına bundan sonra da güzəştli kreditlərin ayrılması təmin ediləcək”,- deyə Arif Vəliməmmədov bildirib.