“Gənclərlə işin təşkilində innovativ idarəetmə metodları”

“Gənclərlə işin təşkilində innovativ idarəetmə metodları”

Astarainfo.az xəbər verir ki, 11-14 sentyabr  tarixlərdə “The Club Port Baku”da dövlət gənclər siyasəti sahəsində çalışan dövlət qulluqçuları və gənclər təşkilatlarının fəalları üçün “Gənclərlə işin təşkilində innovativ idarəetmə metodları” mövzusunda seminar keçirilmişdir.

Seminar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Paris Sorbon Abu Dabi Universiteti ilə birgə təşkil edilib. 

Seminarın keçirilməsində əsas məqsəd Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın 5.2.2. (gənclər siyasəti sahəsində çalışan mütəxəssislərin bilik və bacarıq səviyyəsini yüksəltmək, onların hazırlığı və yenidənhazırlığı üçün mütəmadi təlimlər keçirmək) bəndinin icrasını təmin etməkdir.
Seminar 6 təlim modulu üzrə keçirilmişdir. Burada dinləyicilərə, gənclərlə işin təşkilinin idarəetməsində məlumatın toplanması mexanizmləri, ümumi strategiyanın və planın hazırlanması, təhlili, məzmunu, fərdi-əksetdirmə araşdırması, eləcə də müsahibə yolları, müşahidə metodları, hesabatlar, monitorinqlər, hadisələrin analizi və gənclərin elektron portalların yaradılması,qrup işinin səmərəli təşkili, XXI əsrdə informasiya texnologiyalarının gənclərlə işin təşkilində əhəmiyyəti, İKT vasitələrindən səmərəli və düzgün istifadə, gənclərlə iş üzrə İKT inkişaf modelinin tətbiqi, interaktiv qrup işinin keyfiyyətinə təsiri mexanizmlərinin araşdırılması, gənclərlə işin keyfiyyətinin inkişaf etdirilməsi mexanizmlərinin idarəedilməsində təqdimetmə metodları və s. məsələr üzrə biliklər verilmişdir.
Seminarda gənclərlə interaktiv işin beynəlxalq qanunvericiliyi, münaqişələr və inkişaf modelləri, gənclərlə işin Azərbaycan modeli, beynəlxalq akkreditasiyaların gənclərlə iş sektorunda rolu, İnteqrativ Keyfiyyətin İdarəedilməsi Sistemi (İKİS) barədə məlumatlar çatdırılmışdır.
Qeyd edək ki, seminarda Astara rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Elnur Qurbanlı iştirak etmişdir.
Seminarın sonunda iştirakçılara Paris Sorbon Universitetinin sertifikatları təqdim olunmuşdur.

 

 

Astarainfo.az