Millət vəkili: “AÇG” üzrə yeni müqavilə neft sektoru ilə yanaşı digər sahələrin inkişafına da çox böyük təkan verəcək”

“Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü üzrə dünən Bakıda imzalanan saziş neft sektorunun inkişafı ilə yanaşı, qeyri-neft sektoru, sahibkarlığın, turizmin və digər sahələrin inkişafına çox böyük təkan verəcək”.

Bunu “Report”a Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

Deputat qeyd edib ki, ötən gün “AÇG” üzrə imzalanan saziş miqyası baxımından 1994-cü ildə “Əsrin müqaviləsi” adı almış neft müqaviləsinə bərabərdir: “1994-cü ildə imzalanan həmin müqavilə ilə Azərbaycanın iqtisadi və siyasi həyatında çox mühüm dönüş mərhələsi oldu. Ötən gün imzalanan sazişi də eyni tərzdə qiymətləndirmək və dəyərləndirmək olar”.

O qeyd edib ki, bu müqavilə 2050-ci ilə qədər olan dövrdə neft gəlirlərinin əldə olunması və bu gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi üçün bir zəmindir. “Eyni zamanda bilirsiniz ki, yeni sazişdə SOCAR-ın payı 11,6%-dən 25%-ə qaldırılıb. Bu, gələcəkdə çox böyük gəlir mənbəyi deməkdir. Bundan başqa, yeni müqavilə ilə xarici şirkətlər Dövlət Neft Fonduna 3,6 mlrd. dollar bonus ödənişi həyata keçirəcək. Gələcəkdə “AÇG”-yə 40 mlrd. dollardan çox investisiya yatırılması gözlənilir. Bütün bunların hamısı neft sektorunun inkişafı ilə yanaşı, qeyri-neft sektorunun, sahibkarlığın, turizmin və digər sahələrin inkişafına çox böyük təkan verəcək”.

Onun sözlərinə görə, başlıca olaraq ölkənin rəqabətqabiliyyətli məhsul ixrac etməsinə təkan verəcək. “İqtisadiyyatın rəqabətqabiliyyətliliyini artıracaq. İqtisadi səmərəsi ilə yanaşı, ən böyük amili də nəzərə almalıyıq ki, imzalanan müqavilə Azərbaycan tərəfinin etibarlı tərəfdaş olduğunu sübut etdi. 1994-cü ildən indiyədək Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri yüksək səvyyədə yerinə yetirib və Azərbaycan etibarlı tərəfdaş imici formalaşdırıb. Birinci müqavilə əgər ulu öndər Heydər Əliyevin siyasi addımları idisə, bu müqavilə isə Prezident İlham Əliyevin siyasi iradəsinin təntənəsidir”, – deyə A.Mirzəzadə əlavə edib.