İran prezidenti Avropa ölkələrini ABŞ-a təzyiq göstərməyə çağırıb

“Avropalılar amerikalılara ciddi mesaj verməlidirlər”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani Nyu-York səfərindən öncə jurnalistlərə açıqlamasında deyib.

BMT Baş Assambleyasının toplantısında iştirak etmək üçün sabah Nyu-Yorka yollanacaq H. Ruhani Avropa ölkələrini İranın nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planı (HBFP) ilə bağlı ABŞ-a xəbərdarlıq etməyə çağırıb.

H. Ruhani bu gün Belçika parlamentinin spikeri ilə görüşdə də bu məsələyə toxunub. O, ABŞ-ın HBFP üzrə öhdəliklərini pozduğunu deyib: “Avropa İttifaqından istəyirik ki,  HBFP ilə bağlı öhdəliyini tam yerinə yetirsin və ABŞ-a bu planla bağlı öhdəliyini yerinə yetirmək üçün təzyiq göstərsin”.

H. Ruhani tərəflərin üzərinə götürdükləri öhdəliyin icrasının zəruriliyini vurğulayıb. O həmçinin qeyd edib ki, Tehran Avropa İttifaqı ölkələri ilı əlaqələrini inkişaf etdirməkdə maraqlıdır.