MOİK-in güləşçiləri hərbçilərin 32-ci dünya çempionatına yüksək səviyyədə hazırlaşıblar VİDEO

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) idmançıları sentyabrın 18-dən 25-dək Litva Respublikasının Klaypeda şəhərində hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatında iştirak edəcəklər.

AZƏRTAC xəbər verir ki, sentyabrın 16-da MOİK-də dünya çempionatında iştirak edəcək idmançılarla görüş keçirilib.

Tədbirdə klubun rəisi, polkovnik-leytenant Rəşad Quliyev bildirib ki, Beynəlxalq Hərbi İdman Şurasının keçirdiyi yarışlarda dəfələrlə Azərbaycan Respublikasının Silahlı Qüvvələrini layiqincə təmsil edərək Vətənə çoxlu medallar gətirmiş Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun komandası güləş üzrə hərbçilərin 32-ci dünya çempionatına böyük heyətlə qatılacaq. Yarışda ölkəmizi 16 idmançı, 2 hakim və 2 məşqçi təmsil edəcək. Azərbaycan Ordusu sıralarında xidmət edən yüzlərlə idmançı hərbi xidməti ilə yanaşı, idman fəaliyyətlərini də MOİK-də yüksək səviyyədə davam etdirir, mötəbər yarışlarda ölkəmizi uğurla təmsil edirlər.

Klub rəisi deyib ki, MOİK-də idmanın 16 növü üzrə fəaliyyət göstərən bölmələrdə bütün yaş qrupları üzrə məşqlər keçirilir. Azərbaycan milli komandasının əksər üzvləri MOİK-in təmsilçiləridir. Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında, digər mötəbər turnirlərdə qazanılan medalların bir hissəsi ordu idmançılarına məxsusdur. Həmçinin MOİK-in yetirmələri “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan Azərbaycan yığmasının bu qələbəsinə də töhfə verdilər. Onlar komandamızın hesabına 2-si qızıl, 1-i gümüş və 1-i bürünc olmaqla 4 medal qazandırıblar.

Diqqətə çatdırılıb ki, MOİK 1995-ci ildən Beynəlxalq Hərbi İdman Şurasının (SİZM) fəal üzvüdür. SİZM-ə üzv olduğu gündən indiyədək MOİK-in yetirmələri 6 dəfə Ümumdünya Hərbi İdman Oyunlarında və hər il keçirilən müxtəlif idman növləri üzrə dünya çempionatlarında uğurla çıxış edərək 33 qızıl, 42 gümüş və 58 bürünc medal qazanıblar. İdmançılarımız, həmçinin 2015-ci ildə SİZM-in Koreya Respublikasında keçirdiyi 6-cı Ümumdünya Hərbi İdman Oyunlarında iştirak ediblər. 120 ölkədən 8100 idmançının iştırak etdiyi həmin yarışlarda Azərbaycan Respublikasının Silahlı Qüvvələri 5 idman növü üzrə 30 idmançı ilə təmsil olunub.

Hərbçilər arasında cüdo üzrə dünya çempionatı Qafqazda ilk dəfə Azərbaycanda keçirilib. Bununla yanaşı, SİZM çərçivəsində hərbçilərin 2004-cü ildə cüdo üzrə 30-cu, 2006-cı ildə güləş üzrə 24-cü və 2008-ci ildə boks üzrə 52-ci dünya çempionatları da ölkəmizdə keçirilib. MOİK-in ən böyük uğurlarından biri də 2013-cü ildə hərbçi idmançılar arasında ilk dəfə keçirilən futbol üzrə dünya kuboku yarışının Azərbaycanda təşkili olub.

Qeyd edək ki, komandamızı sərbəst güləş yarışlarında Əfqan Xaşalov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (70 kq), Rəşad Yusifli (74 kq) və Əşrəf Əliyev (86 kq) təmsil edəcəklər.

Yunan-Roma güləşçilərinin mübarizəsində Murad Məmmədov (59 kq), Kərim Cəfərov (66 kq), Sənan Əlmirzəyev (71 kq), Həsən Əliyev (75 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Cavid Feyziyev (130 kq) xalça üzərinə çıxacaqlar.

Çempionatda qadın güləşçilərimizdən Türkan Nəsirova (48 kq) və Tatyana Varantsova (53 kq) mübarizə aparacaqlar.

Yüksək səviyyəli yarışlara pəhləvanlarımızı beynəlxalq dərəcəli idman ustası, Əməkdar məşqçi, mayor Nazim Əlicanov və beynəlxalq dərəcəli idman ustası, mayor Taleh İsrafilov hazırlayıblar.

Növbəti dəfə dünya arenasında uğur qazanmaq üçün MOİK yarışlara klubun rəisi, Beynəlxalq Hərbi İdman Şurasında (CİSM) Azərbaycan nümayəndə heyətinin rəhbəri polkovnik-leytenant Rəşad Quliyevin rəhbərliyi ilə qatılacaq.

Dünya çempionatının görüşlərində hakimlik etmək məqsədilə komandamızın tərkibində beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov və Tural Əliyev də Litvaya yola düşəcəklər.

Çempionatda iştirak edəcək komandamızın heyətində dünya və Avropa çempionları, eləcə də Olimpiya Oyunlarının mükafatçıları, respublika birinciliklərinin qalibi olan idmançılar yer alıblar.