“Turan” agentliyinə qarşı təyin olunmuş vergi sanksiyası ləğv edilib

Vergilər Nazirliyinin Bakı şəhər Lokal Vergilər Departamenti 2014-2016-cı illər üzrə “Turan” informasiya agentliyinə təyin etdiyi 37 min manat məbləğində əlavə vergi sanksiyasını ləğv edib.

Astarainfo.az APAya istinadən xəbər verir ki, bu barədə məlumatı “Turan” agentliyi yayıb.

Departament bu qərarı kameral yoxlamanın yekunu əsasında qəbul edib və agentliyə bu barədə rəsmi məktubla məlumat verib.

Qeyd edək ki, Vergilər Nazirliyinin avqustun 25-də yaydığı məlumatda bildirilir ki, “Turan İnformasiya Agentliyi” MMC-də Vergilər Nazirliyi tərəfindən vergi risklərinin mövcudluğu və vergidən yayınma hallarına yol verilməsinin araşdırılması məqsədilə aparılmış səyyar vergi yoxlamasının nəticələrinə əsasən xeyli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq zamanı “Turan İnformasiya Agentliyi” MMC-nin direktoru Mehman Əliyevin qulluq səlahiyyətlərindən sui-istifadə edərək müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürməsi və sahibkarlıq fəaliyyəti üzrə nəzərdə tutulmuş funksiyaları özü yerinə yetirməklə “Qrant haqqında” qanunun tələblərini pozub, 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmamış qrant müqavilələri üzrə külli miqdarda, yəni 148,310 min manat məbləğində qanunsuz gəlir əldə edərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına, habelə 2010-2016-cı illərdə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannamələrinə təhrif olunmuş məlumatlar daxil etməklə xeyli miqdar təşkil edən 60,080 min manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmasına əsaslı şübhələr olduğu müəyyən edilib.