Azərbaycanda “SOCAR” brendi ilə daha bir yanacaqdoldurma məntəqəsi açılıb

Goranboy rayonunun Cinli Boluslu kəndində “SOCAR” brendi altında yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

“SOCAR Petroleum” QSC-dən “Report”a verilən məlumata görə, yeni yanacaqdoldurma məntəqəsi sayca 25-cidir. “Bu YDM-də POS-terminallar, ən son model Yaponiya istehsalı olan yanacaqpaylayıcı kalonkalar, yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtom

atika sistemi kimi innovativ yeniliklər tətbiq edilib”.

“Premium”, “Ai-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək məntəqədə beş yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da 6 kiçik avtonəqliyyat vasitəsi və 4 iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.

Yeni YDM-in açılışında “SOCAR Petroleum”un baş direktoru Toğrul Seyidov iştirak edib. Baş direktor bir neçə il əvvəl Prezident İlham Əliyevin yeni iş yerlərinin yaradılması ilə bağlı söylədiyi sözləri xatırladıb: “Yeni iş yerlərinin açılması daimi proses olmalıdır və açılan yeni iş yerləri əhalinin sosial təminatını gücləndirməklə yanaşı, ölkənin iqtisadi inkişafını sürətləndirməlidir”.

O qeyd edib ki, bu prinsiplərə dayanaraq Azərbaycan ərazisində “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri şəbəkəsi aktiv şəkildə genişlənir və hazırda həmin məntəqələrin hər birində orta hesabla 45 nəfər işçi çalışır.