Bakıda MDB ölkələri Botanika Bağları Cəmiyyətinin dördüncü qurultayı keçirilir

Sentyabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunda Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyaları MDB ölkələri Botanika Bağları Cəmiyyətinin IV qurultayı və “İqlim dəyişkənliyinin bitki biomüxtəlifliyinə təsiri” mövzusunda elmi konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, qurultayda 11 ölkədən 200-dən çox nümayəndə iştirak edir.

Tədbirdə MDB ölkələri üzrə Botanika Bağları Cəmiyyətlərinin hesabatının müzakirəsi, botanika bağlarının, dendrarilərin təbiət abidələrinin, genofondun mühafizəsində, biomüxtəlifliyin artırılmasında rolu, nadir və nəsli kəsilməkdə olan ağac-kol bitkilərinin areallarda yayılmasının və say nisbətinin elmi əsaslarla araşdırılması haqqında məruzələr dinləniləcək. Həmçinin ölkələrarası sərhədyanı ərazilərin florasının birgə işlənilməsi istiqamətində müzakirələr aparılacaq, problemlər və onların həlli yolu istiqamətində müvafiq müqavilələr bağlanılacaq, yekun qətnamə qəbul ediləcək.

İqlim dəyişkənliyinin biomüxtəlifliyə təsiri müasir dövrün qlobal problemlərdən biri olub, dünya alimləri tərəfindən bu sahədə geniş tədqiqat işləri aparılır. Məhz buna görə də respublikamızda “İqlim dəyişkənliyinin bitki biomüxtəlifliyinə təsiri” mövzusunda keçirilən konfransın əsas məqsədi biosferdə iqlim dəyişkənliyinin bitki biomüxtəlifliyinə təsiri, yeni introduksiya olunan, aborigen, kosmopolit növlərin təbiətdə yayılması, növlərin populyasiyalarda say nisbətlərinin dəyişməsinə səbəb olan ekoloji amillərin təyini və onların mühafizəsi istiqamətində aparılacaq elmi tədqiqat işlərinin müzakirəsində qarşıya çıxan problemlərin birgə həlli yollarının araşdırılmasıdır. Müzakirə edilən məsələlər və qəbul edilən qərarlar biologiya elminin inkişafına öz töhfəsini verəcək.

Qurultay sentyabrın 21-də başa çatacaq.