XİN: Azərbaycan heç zaman suveren ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək

“Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılana qədər regionda sülhün təmin olunması qeyri-mümkündür”. 
Bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidenti Serj Sarkisyanın açıqlamasını APA-a şərh edərkən deyib. H. Hacıyev bildirib ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh üçün birbaşa təhlükə olaraq qalmaqda davam edir: “Ermənistanın dövlət başçısının hansı prinsiplərdən danışdığı heç kimə aydın deyildir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini nəzərdə tutulan prinsiplər BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində təsbit olunub.

Qətnamələrdə BMT TŞ Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını təsdiq edib və işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. BMT Təhlükəsizlik Şurası qətnamələrinin vaxt məhdudiyyəti yoxdur. Bu qətnamələr icra edilməyənə qədər aktualdır və gündəmdədir”.

Qurum təmsilçisi əlavə edib ki, Azərbaycan heç zaman öz suveren ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək: “Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır və olunacaq. Ermənistan rəhbərliyi bu reallığı nə qədər tez dərk edərsə, bir o qədər də tez regionda sülh təmin olunar,  yoxsulluq və səfalət içərisində olan Ermənistan əhalisi yaranacaq regional əməkdaşlıq imkanlarından faydalana bilər”.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan bu gün başlayan erməni diasporunun 6-cı forumunda Ermənistan ordusunun sabitlik və sülh şəraitini qoruduğunu iddia edib.