Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib

Bu gün Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin iclası keçirilib.

Trend-in məlumatına görə, iclasın gündəliyinə 4 məsələ, o cümlədən komitənin 2017-ci il yaz və növbədənkənar sessiyasının yekunlarına dair işlər, komitənin 2017-ci il payız sessiyasının qanunverciilik işləri planı, “Azərbaycan Hökuməti ilə Qazaxıstan Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə”, Azərbaycanda “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” və “Heyvanlar aləmi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihələri daxil edilib.

Bildirilib ki, MM-in Aqrar siyasət komitəsinin 2017-ci il yaz və növbədənkənar sessiyaları dövründə 7 iclas keçirilib və 14 qanun və qərar qəbul edilib.

Payız sessiyası çərçivəsində “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında “qanun layihəsi dekabrda müzakirə olunacaq.

“Heyvanlar aləmi haqqında” qanuna dəyişiklik isə “Elm haqqında” qanuna uyğunlaşdırma məqsədi daşıyır. Dəyişikliyə əsasən, heyvanlar aləminin elmi tədqiqatı müvafiq elmi müəssisə, təşkilatlar tərəfindən həyata keçiriləcək və “Elm haqqında” qanuna uyğun olaraq maliyyələşdiriləcək.

Qeyd edək ki, hazırda heyvanlar aləminin müvafiq elmi-tədqiqat müəssisələri tərəfindən tədqiqatı həyata keçirilir və məqsədli proqramlar əsasında dövlət büdcəsindən və büdcədənkənar ödəmələr hesabına maliyyələşdirilir.