Qırmızı qəsəbə sakinləri yəhudi təqviminə görə 5778-ci ili qarşılayırlar

AZƏRTAC xəbər verir ki, yəhudi təqvimi ilə Yeni ilin başlanğıcı sayılan bu bayram günündə qəsəbə sakinləri sinaqoqa gedərək dualar oxuyur, ehtiyacı olanlara əl tutur, bayram süfrəsi arxasında toplaşaraq Allahdan günahlarının bağışlanmasını diləyirlər.

Bütün dünya yəhudiləri kimi, Qırmızı qəsəbə sakinləri də yəhudi təqviminə görə 5778-ci ili qarşılayırlar. Roş-xa-Şana bayramının vaxtı təqvimə görə dəyişsə də, hər il əsasən sentyabr ayına təsadüf edir.

Qırmızı qəsəbə dünyada İsraildən sonra yəhudilərin yığcam yaşadığı nadir məkandır. “Qafqazın Yerusəlimi” adlandırılan qəsəbədə məskunlaşan yəhudilər uzun illərdir öz adət-ənənələrini yaşadırlar. Burada yəhudilərin dini icması və milli mədəniyyət mərkəzi fəaliyyət göstərir.

Qırmızı qəsəbədəki İsak Xanukov adına 1 nömrəli məktəbin direktoru Yavuşva Simanduyev bildirib ki, bayram süfrəsində dadlı təamlarla yanaşı, dəyirmi doğranmış yerkökü, balıq başı, nar, alma və balın olması vacibdir. Dəyirmi formada doğranmış yerkökü qızıl pulu, var-dövləti, süfrədəki balıq başı ailə başçısını, ailənin böyüyünü simvolizə edir. Bayram təamlarını dadarkən alma bala batırılaraq yeyilir ki, il boyu ailədə şirinlik, isti münasibət hökm sürsün. Dənələnmiş nar isə ailənin böyüməsinə, yeni doğulacaq uşaqlara işarədir.

Yeni ilin ilk 10 günündə yəhudilər sinaqoqa gələrək müxtəlif dini ayinləri yerinə yetirir, tövbə edir, müqəddəs “Tövrat” oxuyurlar. Onuncu gündə isə bütün sutkanı ac qalmaqla oruc tutur və müqəddəs “Yom Kipur” gününü qeyd edirlər.

Roş-xa-Şana bayramı dünyanın müxtəlif məkanlarında yaşayan bütün yəhudilər tərəfindən təntənəli şəkildə keçirilir.

Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbə Qudyalçayın sol sahilində yerləşir. Uzun illərdir buradakı yəhudilər azərbaycanlılarla birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Dağ yəhudilərinin Quba ərazisində yığcam şəkildə məskunlaşmasının tarixi XVIII əsrin ortalarına təsadüf edir. Quba xanlığına Fətəli xanın rəhbərlik etdiyi dövrlərdə bütün ətraf ərazilərdə yaşayan yəhudilər bura köçməyə başlayıblar. Həmin vaxt salınan yəhudi məhəllələrində 10-dan çox sinaqoq inşa olunub.