Yeni “Müasir Azərbaycan dili” dərsliyi – gənc tədqiqatçılar və tələbələr üçün dəyərli mənbə

Azərbaycanın tanınmış dilçi alimi, professor Buludxan Xəlilovun “Müasir Azərbaycan dili” dərsliyi “Adiloğlu“ nəşriyyatında çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, dərslik müasir Azərbaycan dili fənninin sintaksis şöbəsi proqramının tələbinə uyğun yazılıb. Burada sintaksisə giriş, sintaktik əlaqələr, söz birləşmələri, cümlə, cümlənin məqsəd və intonasiyaya görə növləri, cümlə üzvləri (mübtəda, xəbər, tamamlıq, təyin, zərflik), əlavələr, xüsusiləşmələr, cüttərkibli cümlələr, bütöv və yarımçıq cümlələr söz-cümlə, qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər və birləşmələr, mürəkkəb cümlə, tabesiz və tabeli mürəkkəb cümlə və onların növləri, qarışıq tipli mürəkkəb cümlələr, cümlə üzvlərinin sırası, mürəkkəb sintaktik bütöv-mətn, vasitəli və vasitəsiz nitq, durğu işarələri barədə ətraflı məlumat verilir.

Qeyd edək ki, XX əsrin 50-ci illərindən sonra sintaksis sahəsində xeyli tədqiqat işləri aparılıb, xüsusilə dissertasiyalar, monoqrafiyalar və dərsliklər çap olunub. Bu sahədə bir çox alimlərin böyük xidmətləri var. İnanırıq ki, B.Xəlilovun sintaksisdən bəhs edən bu dərsliyi gənc tədqiqatçılar və tələbələr üçün dəyərli elmi mənbə olacaq.