“Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş polkovnikinə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi, polkovnik Əlövsət Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə Ə.Məhərrəmova hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə.Məhərrəmov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ə.Məhərrəmovun vətəndaşları aldatması halları 2014-cü ilin sonlarında çoxsaylı şikayətlərdən sonra məlum olub. O, 2015-ci ilin fevralında həbs edilib.

Araşdırma zamanı məlum olub ki, Ə.Məhərrəmov 90-dan çox vətəndaşa özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edərək onları işə düzəldəcəyi vədini verib. O, həmin şəxslərin pullarını alıb, sonradan verdiyi vədə əməl etməyib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham edilib.