Dünyanın ən nüfuzlu universiteti hansıdır?

Hər gəncin xəyalını ən gözəl universitetlərdə oxumaq və parlaq bir gələcək bəzəyir. Cavanlar “yarış atı” kimi həmin məşhur və qabaqcıl universitetlərə daxil olmaq üçün gecəli-gündüzlü çalışırlar. Bəziləri nəticədən məyus olsalar da, sözün əsl mənasında savadlı gənclər müvəffəqiyyət qazanaraq, nüfuzlu universitetlərdə təhsil almaq şansı qazanırlar.

Təhsil həmişə dəbdə olub və olacaq da. Geniş üfüq, fundamental bilikdən sonra təhsilin növbəti pilləsi məhz ali məktəblərdən keçir. Əlbəttə, təhsil ancaq bizə parlaq və uğurlu gələcəyimiz üçün yol göstərə bilir, amma bu yolu necə keçəcəyimiz hər kəsin öz ixtiyarındadır. Universitetlər artıq min ildən artıqdır ki, insanları biliklə təchiz edir. Ali təhsil ocaqları özlərində həm də çox önəmli bir funksiyanı da daşıyırlar… Bura təbii ki, tərbiyə də aiddir. 

2009-cu ildə İngiltərənin “Qardian” qəzeti , “Times Higher Education”  və “QS University Ranking” tərəfindən aparılan araşdırmaya əsaslanaraq dünyanın ən yaxşı 100 universiteti sıralandı. Təbii ki, başda gözlənildiyi kimi Harvard Universiteti yer almışdı.  Xatırladaq ki,  “QS Top University Ranking” İngiltərənin məşhur “Times” qəzetinin təhsil əlavəsi olaraq hər il beynəlxalq universitetlərin reytinqlərini hesablayan ən inkişaf etmiş və ən etibarlı mənbələrdəndir.

Son illər Asiya universitetlərinin yüksəlişi də diqqəti cəlb edir. Xüsusilə Çin, Yaponiya və Koreya universitetlərinin çox yaxın zamanda ABŞ-ın  “İvy league” və İngiltərənin “Oxford”, “Cambridge” təhsil ocaqlarına meydan oxuyacağı vurğulanır.  Yuxarıda qeyd etdiyimiz cədvələ görə, ən qabaqcıl 10 universitetdən 4-ü, 100 universitetdən isə 18-i Böyük Britaniyada yerləşirdi. Cədvəldə Şimali Amerikanın 36 peşəkar mütəxəssis yetişdirən universitetləri də öz yerlərini tutmuşdular.  Asiya universitetlərinin sıralaması da artaraq 14-dən 16-ya yüksəlmişdi. Tokio Universiteti 22-ci, Honq Konq Universiteti 24-cü sırada yer alırdı.

Böyük Britaniyanın “Times Higher Education” jurnalı və “Thomson Reuters” agentliyi 2014-2015-ci illər üçün dünya universitetlərinin reytinqini hazırladılar. “Times Higher Education World University Rankings 2014-2015” reytinqində ilk pillədə ABŞ-ın Kaliforniya Texnologiya İnstitutu qərarlaşırdı. Reytinqdə 2-ci yerdə ABŞ-ın daha bir ali təhsil müəssisəsi – Harvard Universiteti, 3-cü pillədə isə Böyük Britaniyanın Oksfordu yer alırdı. ABŞ-ın Stenford və Böyük Britaniyanın Kembric universitetləri siyahıda müvafiq olaraq 4 və 5-ci yerləri tuturdular.  Diqqətçəkən məqam isə ondan ibarətdir ki, həmin reytinq cədvəlində dünyanın ən yaxşı 10 universitetindən 7-si ABŞ-da yerləşirdi.

Yalnız 2011-ci ildə  reytinq cədvəlində Amerikanın dünyaca məşhur Harvard Universiteti ən yaxşı ali məktəbi adını əldən vermişdi. Britaniyanın “Times Higher Education” qəzetinin müəyyənləşdirdiyi ənənəvi nüfuzlu eyniadlı reytinqində onu Kaliforniya Texnologiya İnstitutu əvəzləmişdi. Qeyd edək ki, bu institut 375 yaşı olan Harvard Universitetindən dəfələrlə “cavan”dır. Harvard Universiteti isə hətta 2-ci pillədə də tək deyildi. O, bu yeri Kaliforniyanın daha bir ali məktəbi – Stenford Universiteti ilə bölüşürdü.

2017-ci ildə “Times Higher Education”nin, “Dünyanın ən yaxşı universitetləri” sıralamasında 980 universitet arasında yenə də İngiltərənin Oxford ali təhsil ocağı reytinq cədvəlinə başçılıq edir. Daha sonra Kembridc (İngiltərə), Kaliforniya (ABŞ), Standfor (ABŞ), Massaçusets (ABŞ), Harvard və s. universitetlər reytinq cədvəlini davam etdirirlər. İlk iyirmiliyə düşən ali təhsil ocaqlarından 16-sı ABŞ universitetləridir. Qardaş Türkiyədən ilk 300 universitet arasında yer alan yeganə ali təhsil ocağı İstanbuldakı “Koç Universiteti” olub.

Universitetlər ayrıca “dövlətdirlər”. Onların da öz siyasətləri, qaydaları və büdcələri olur. Dünyanın ən yaxşı universitetlərinin bəziləri bir neçə on il, digərləri isə artıq yüz illlərdir ki, təhsil verməklə məşğuldurlar. Və heç də az olmayan bu müddət ərzində onlar savada gedən ən kəsə, uğurlu yolu tapıblar, universitetlərə işini mükəmməl bilən professional pedaqoqları cəlb ediblər. Çünki məhz peşəkar mütəxəssislər yaxşı təhsilin təminatıdır…

Günel Eyyubova, “İki sah