Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ilk dəfə Rusiyada nümayiş olunacaq

Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası oktyabrın 16-da ilk dəfə Rusiyada nümayiş ediləcək. Moskvada “Crocus city hall”da nümayiş olunacaq operada Məcnun obrazında Xalq Artisti Mənsum İbrahimov, Leyli rolunda isə Beynəlxalq müsabiqələrin laureatı, xanəndə Arzu Əliyeva çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, sentyabrın 21-də Azərbaycan Milli Konservatoriyasında “Leyli və Məcnun”un ilk dəfə Rusiyadakı nümayişi ilə bağlı mətbuat konfransı keçirilib.

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti, professor Siyavuş Kərimi bildirib ki, 110 illik tarixə sahib Şərqin ilk operası “Leyli və Məcnun” Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Rusiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və İncəsənət Studiyasının və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə nümayiş olunacaq. Operanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev, quruluşçu rəssamı Rafiz İsmayılov, baletmeysteri Yuliana Əlikişizadədir. Simfonik orkestrin dirijoru Xalq Artisti Yalçın Adıgözəlovdur.

Xalq Artisti deyib ki, “Leyli və Məcnun”la Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir dövr açılıb, eyni zamanda, müsəlman Şərqində opera janrının əsası qoyulub. Opera Məhəmməd Füzulinin eyniadlı poemasının motivləri əsasında hazırlanıb.

Rektor bildirib ki, “Leyli və Məcnun”un Rusiyada nümayişi Azərbaycan mədəniyyətində olduqca mühüm hadisədir. Bu bizə ölkəmizin mədəniyyətinin, incəsənətinin təbliği üçün yeni imkanlar açır. Bu işdə əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm.

Opera haqqında geniş məlumat verildikdən sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.