Mədəniyyət və turizm naziri Kürdəmirdə vətəndaş qəbulu keçirib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Kürdəmirdə vətəndaşlarla görüşüb.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Əbülfəs Qarayev Heydər Əliyev Mərkəzində Kürdəmir, Beyləqan, İmişli, Füzuli və Xocavənd rayonlarından vətəndaşları qəbul edib.

Nazirliyin məsul əməkdaşlarının iştirak etdikləri qəbulda 20-dən çox vətəndaşın müraciətinə baxılıb. Əvvəlki görüşlərdə olduğu kimi, bu dəfə də müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası və digər məsələlərlə bağlı olub.

Qəbula yazılan Kürdəmir sakinləri rayonda kino nümayişi işinin yaxşılaşdırılması üçün “Nizami” kinoteatrının binasından səmərəli istifadə edilməsi, Şahbəyli kəndi ərazisində yerləşən “Sarıtəpə” abidəsinin qeydiyyata alınması, rayon Mədəniyyət mərkəzində kukla teatrının fəaliyyəti üçün müvafiq avadanlıqların verilməsi, eləcə də işlə təmin olunma barədə xahişlərini diqqətə çatdırıblar.

Beyləqandan qəbula gələn vətəndaşların müraciətləri rayonun Türklər kəndində fəaliyyət göstərən “Yaylalar” folklor rəqs qrupunun respublika tədbirlərində iştirakına köməklik göstərilməsi, rayondakı Heydər Əliyev Mərkəzinin ümummilli liderin Beyləqana səfərlərinə dair foto və videomateriallarla təmin olunması, Uşaq musiqi məktəbinin 50 illiyinin qeyd edilməsi barədə olub.İmişli sakinləri kino nümayişi avadanlığı ilə təchizat və bu sahədə çalışacaq insanlar üçün müvafiq kursların təşkil olunması, rayon ərazisində arxeoloji qazıntıların aparılması, rəsm qalereyasına yeni əsərlərinin verilməsi və digər məsələlərlə bağlı nazirə müraciət ediblər.

Füzuli rayonundan qəbula yazılanların xahişləri Zobucuq və Qayıdış qəsəbələrində klub müəssisələrinin fəaliyyətinin bərpa olunması, Füzuli xalq teatrının geyim və dekorasiyalarla, mədəniyyət evləri və klubların milli rəqslərlə bağlı əyani vasitələrlə təchizatı, büdcədənkənar vəsaitin toplanılması məqsədilə ödənişli əsaslarla yaradılan dərnəklərə sertifikatların verilməsi barədə olub.

Xocavənd sakinləri tərəfindən isə kitabxanaların müxtəlif ədəbiyyatla, o cümlədən aqrar sahə, xüsusilə pambıqçılıq və baramaçılığa aid elmi nəşrlər, Qarabağın tarixi ilə bağlı yeni kitablarla təmin olunması xahiş edilib.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, qaldırılan digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Nazir Əbülfəs Qarayev şəhər və rayonlarda mütəmadi olaraq keçirilən bu cür görüşlərin əhəmiyyətini bir daha diqqətə çatdırıb. Bildirib ki, vətəndaşlarla ünsiyyət, onlar tərəfindən irəli sürülən təşəbbüslər yerlərdə mədəniyyət və turizm işinin daha səmərəli təşkilinə zəmin yaradır. Nazir tarixi-mədəni irsin qorunması, muzeylərdə ekspozisiyaların yenilənməsi ilə bağlı təşəbbüsləri xüsusi qeyd edib: “Budəfəki qəbulda da vətəndaşlarımızın mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması istiqamətində maraqlı təklifləri oldu. Eyni zamanda da bölgədə turizmin inkişafı ilə bağlı təkliflər səsləndi”.Nazir vurğulayıb ki, ölkəmizin zəngin mədəniyyəti turizm sənayesinin inkişafına da təsir göstərməlidir: “Bu gün Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir. Xarici ölkələrdən gələn turistlərin sayı artmaqdadır. Təkcə bir faktı qeyd etmək istəyirəm ki, bu ilin yay turizm mövsümündə həm paytaxt Bakıda, həm də bölgələrdə hotellərin əksəriyyəti dolu olub. Ona görə də yeni turizm obyektlərinin açılması istiqamətində işlər aparılmalıdır. Məndə olan məlumata görə, Kürdəmir rayonunda da bir neçə hotelin tikintisi aparılır”.

Regionlarda turizmin inkişaf etdirilməsinin hər zaman dövlət başçısının diqqət mərkəzində olduğunu deyən Əbülfəs Qarayev bütün qəbullarda bununla bağlı səslənən təkliflərin nəzərdən keçirildiyini bildirib.

Bakıda, eləcə də regionlarda kino nümayişinin həyata keçirilməsi işindən də danışan nazir deyib ki, bu istiqamətdə görülən tədbirlər yerlərdə milli filmlərin daha geniş təbliğ olunmasına, eləcə də əhalinin asudə vaxtını səmərəli keçirməsinə xidmət edəcək.