Bakıya yeni heyvanlar gətirildi

“Bakı şəhər Zooloji Parkının digər xarici ölkələrin zooparkları ilə əlaqəsi var. Məsələn, Çexiya, Ukrayna, Moldova, Türkiyə, Rusiya kimi dövlətlər bu siyahıdadır. Hazırda yeni heyvanların gətirilməsi üçün də “Daşkənd” müqaviləsinin danışıqları gedir. Yaxın zamanlarda dəqiq məlumat veriləcək. Qeyd edilən ölkələrlə mübadilə  olur”.

Bunu  Modern.az-a açıqlamasında Bakı şəhər Zooloji Parkının şöbə müdürü Aynur Hacıyeva bildirmişdi.

Maraqlıdır, qeyd edilən danışıqların nəticəsi necə oldu?

A.Hacıyeva Modern.az-a bildirib ki, sözügedən müqavilə artıq bağlanılıb və bunun əsasında zooparka yeni heyvanlar gətirilib:

“Özbəkistan Respublikası Daşkənd Zooparkı ilə apardığımız danışıqlar müsbət nəticələndi. Belə ki,  müqavilə əsasında parkımıza  yallı qoyun, quzğun, lama, yapalaq çəhrayı qutan gətirilib. Hazırda demək olar ki, həmin heyvanlar Zooparkın şəraitinə uyğunlaşıb. Qeyd edim ki, hər heyvandan bir ədəd gətirilib. Hazırda Bakı Zooloji Parkında 1200-dən çox baş heyvan və quş saxlanılır”.

Müsahibimiz həmçinin soyuq havalarla əlaqədar heyvanların müdafiəsi üçün zooparkda müəyyən tədbirlərin görüldüyünü də qeyd edib:

“Bakı Zooloji Parkında  havaların soyuması ilə əlaqədar müəyyən tədbirlər görülür. Belə ki, heyvanların və quşların olduğu  valiyerlərdə artıq yavaş-yavaş istilik sistemi quraşdırılır. Eyni zamanda müəyyən quş növləri var ki, onların qəfəslərində şifer örtücüləri ilə yuva düzəldilib”.