Deputat: Türkiyə vətəndaşlarının Azərbaycanın işğal altındakı ərazilərinə səfər etməsinə qarşı ciddi tədbirlər görməlidir

Türkiyə dövləti bir qrup vətəndaşının Azərbaycanın işğal altındakı ərazilərinə səfər etməsinə qarşı ciddi tədbirlər görməlidir.

Bu barədə Trend-ə açıqlamasında millət vəkili Q.Paşayeva deyib.

Millət vəkili bidirib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı bütün beynəlxalq təşkilatların qərarlarında yer alıb: “Ufuq Urasın, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlunun işğal altında qalan Xankəndinə gedərək separatçı rejimin nümayəndələri ilə görüşmələri açıq şəkildə düşmənə dəstək kimi dəyərləndirilməlidir. Onların işğalçılara bu formada dəstək vermələrinin səbəbləri ciddi şəkildə araşdırılmalı və Türkiyə dövləti tərəfindən bu məsələ ilə bağlı ciddi tədbirlər görülməlidir. Ufuq Urasın erməni sevgisinin tarixi kökləri, irsi bağlılığı araşdırılmalıdır. Bu şəxsin uzun illərdir Azərbaycanla Türkiyənin mövqelərinə zidd çıxaraq davamlı şəkildə ermənilərə dəstək verməsi təsadüfi ola bilməz”.

Q.Paşayeva bildirib ki, Türkiyəyə səfəri zamanı ölkə rəsmiləri ilə görüşlərində bu məsələni diqqətə çatdırıb və Azərbaycan xalqının ciddi narahatlığından danışıb.

O bildirib ki, bu, ilk növbədə Türkiyə-Azərbaycan münasibətləri, iki ölkə arasındakı strateji əməkdaşlığa mənfi təsirini göstərir: “Ufuq Uras dəfələrlə Ermənistana səfərlər edərək qondarma erməni soyqırımı abidəsini ziyarət edib. O, hər zaman Türkiyə və Azərbaycan əleyhinə addımlar atıb. Türkiyə hökuməti erməni soyqırımı məsələsinin uydurma, yalan olduğunu bəyan edib. Özünü türk adlandıran bu şəxs isə, əksinə “soyqırım abidəsini” ziyarət etməklə öz dövlətinin maraqlarına qarşı çıxıb. Bu adam hər zaman Türkiyə və Azərbaycanın maraqlarına zidd addımları, açıqlamaları ilə gündəmə gəlib. Ufuq Uras Türkiyənin Dağlıq Qarabağa görə Ermənistanla sərhədlərini bağlaması faktı ilə barışmayıb. Onun bu cür çıxışlarını qəti şəkildə qınayır və təəssüf edirik. Türkiyə və Azərbaycan ictimaiyyəti, media, QHT-lər və digər təşkilatlar Ufuq Urasın bu addımına qarşı etiraz səsini qaldırmalıdır. Türkiyə dövləti vətəndaşlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisi Dağlıq Qarabağa qeyri-qanuni səfərləri ilə bağlı ciddi tədbirlər görməlidir”.

Qeyd edək ki, sentyabrın 22-də Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisi Dağlıq Qarabağa qeyri-qanuni səfər ediblər. Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İidarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə bu çəxslər barəsində cinayət işi başlanılıb. Onlar Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilib.