Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin sınaq imtahanına qeydiyyat davam edir

Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsi üzrə sınaq imtahanına qeydiyyat davam edir.

Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, DİM tərəfindən dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə sınaq imtahanı keçiriləcək.

“Sınaq imtahanında iştirak etmək üçün online qeydiyyat” 5 oktyabr saat 18:00-dək davam edəcək.

Sınaq imtahanı oktyabrın 5-də və 6-da DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universiteti) keçiriləcək və saat 10:00-da başlayacaq.

DİM-də sınaq imtahanı üçün 2 zal ayrılıb. Namizədlər imtahanı həmin zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. 5 oktyabr tarixində keçiriləcək imtahan üçün nəzərdə tutulan yerlər artıq dolmuşdur. Nəzərinizə çatdırırıq ki, sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmək istəyənlərin sayına uyğun olaraq imtahan günlərinin də sayı artırıla bilər.

Sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 manatdır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.azsaytında verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.